Newscenter.az.3.01.2021. Goranboy rayon Polis Şöbəsinin əməkdaşlarlı xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət etmək məqsədilə gücləndirilmiş iş rejimində xidmət apararaq, sakinlər arasında profilaktiki tədbirlər həyata keçirir, mümkün qədər evdə qalmağı, zəruri hallarda evdən çıxdıqda isə tibbi maska, dezinfeksiyaedici vasitələrdən istifadə etməyi tövsiyə etməklə bərabər, rayon ərazisindəki pensiya və müavinətlərin verilməsi ilə bağlı bankomatların önündə yarana biləcək sıxlığı nəzərə alaraq, polis əməkdaşları bu ərazilərə xüsusi olaraq nəzarət edir, sosial məsafənin qorunması üçün lazımi tədbirləri yerinə yetirir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, mütəmadi olaraq keçirilən reydlər zamanı xüsusi karantin rejiminin tələblərini pozan 1 304 vətəndaş barəsində müvafiq qanunlara uyğun olaraq tədbir görülüb. Aparılan araşdırmalarla 15 kafe-restoran, 10 iaşə obyektinin karantin rejiminin tələblərinə zidd olaraq fəaliyyət göstərdiyi məlum olub ki, RPŞ-nin əməkdarşları həmin obyektlər barəsində qanunamüvafiq tədbir görüb.
Ümumilikdə karantin rejimində 12 nəfər barəsində aidiyyəti məhkəmənin qərarı ilə inzibati həbs seçilib. RPŞ əməkdaşlarının ayıq-sayıq xidmətləri nəticəsində 1 toy, 2 nişan və 1 yas mərasiminin keçirilməsinin qarşısı alınıb, təşkilatçılar inzibati məsuliyyətə cəlb edilib. Bundan başqa Goranboy rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan 10 nəfər barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.