Newscenter.az.3.01.2021. Uranın zənginləşdirməsini 4 faizdən 20 faizə qədər artırılması İrana nüvə silahı əldə etməyə imkan verəcək. Bəs, İran niyə qəfil uranı indiki səviyədən daha artıq səviyyəyə qədər zənginləşdirməyə qərar verdi?
Donald Tramp prezident seçildikdən dərhal sonra İranla nüvə anlaşmasından çıxdı. Buna baxmayaraq, İran Trampın hakimiyyətdə olduğu 4 ildə açıq şəkildə uranı zənginləşdirməkdən çəkindi. Digər tərəfdən nüvə anlaşmasını imzalayan digər ölkələr İranı Amerikanın acığına anlaşmadan çıxmamağa çağırırdılar, Avropa dövlətləri isə Tehrana Amerikanın İrana qarşı sanksiyalara qoşulmayacaqlarını vəd edirdilər. Buna baxmayaraq, İranla ortaq layihələri olan böyük Avropa şirkətləri Amerikanın onlara qarşı da sanksiyalar tətbiq edəcəyindən çəkinərək İranı tədricən tərk etdilər. Yəni Avropa Birliyi sözdə Amerikanın sanksiyalarına qoşulmayacağını vəd etsə də, nə İrana investisiya yatırımları etdi, nə də İran bazarını tərk edən şirkətlərinin qarşısını kəsdi.
Bu arada, İran iki tanınmış fiqurunu sui-qəsd nəticəsində itirdi. İranlı general Qasım Süleymani ABŞ-ın raket zərbəsi nəticəsində, ölkəsinin nüvə çalışmalarının atası adlandırılan alimi, Müdafiə Nazirliyinin Araşdırma və İnnovasiya Təşkilatının rəhbəri Möhsün Fəxrizadə qətlə yetirildilər. İran ikinci sui-qəsddə İsraili ittiham etdi. Həqiqətən son illərdə İranda nüvə çalışmalarında iştirak edən neçə-neçə alim müəmmalı şəkildə qətlə yetirildilər. İranın nüvə silahına yiyələnməsinə qarşı çıxan başlıca dövlət İsraildir. Çünki, bəllidir ki, İran nüvə silahı əldə etsə hədəfindəki əsas ölkə İsrail olacaq.
Buna baxmayaraq, İranın uranı zənginləşdirməsini nə Trampın nüvə anlaşmasından çıxmasıyla, nə də haqqında danışdığım sui-qəsdlərlə əlaqələndirirəm. Tehran hiyləgər gediş etdi. İranın hakim və dini dairələri tez və ya gec nüvə silahı əldə etməyi ağılllarına qoyublar və heç kim İranın ali dini liderinin çoxdan səsləndirdiyi “nüvə silahı İslam prinsiplərinə uyğun deyil” açıqlamasına inanmır. Ona qalsa Pakistan da İslam Respublikasıdır, ancaq əsas düşməni Hindistanla rəqabətə tab gətirmək üçün nüvə silahına yiyələnib. Tehran uranı nüvə silahı əldə etmək miqdarına qədər zənginləşdirmək qərarını Trampın Ağ Evdən getməsinə sayılı günlər qaldığı dövrdə elan etdi və bununla Vaşinqtonu çətin seçimə sürüklədi. Tehranda düşündülər ki, “ya indi, ya da heç vaxt” və indini seçdilər. Təsəvvür edin ki, Tramp Ağ Ev tərk etməyə hazırlaşdığı dövrdə İranla müharibəyə başlayır. Bu halda Amerikanın daxili siyasətində aləm bir-birinə qarışır. Əsas sual bu olacaq: müharibəyə kim başçılıq edəcək?
Birinci variant odur ki, İranı bombalayan Donald Tramp prezident seçkisində məğlub olmasına baxmayaraq, Ağ Evi tərk etmir və müharibəni davam etdirir. Onsuz da Tramp rəqibi Cozef Baydenin saxtakarlıq nəticəsində seçkidə qələbə çaldığını iddia edir. Trampın son günlərdə İranla müharibəyə başılaması və Ağ Evi tərk etməməsi qərarı Amerikanı qarışdıracaq.
İkinci variant odur ki, Tramp İranla başladığı müharibəni yanvarın 20-də andiçmə mərasimindən sonra Ağ Evin yeni sahibi Baydenə ötürür. İlk gündən İranla müharibə isə Baydenə yaxşı heç nə vəd etmir. Əlbəttə, Amerika İranda hansısa həmlələri vuracaq, ancaq İran və onun müxtəlif ölkələrdəki silahlı satellitləri də boş dayanmayaraq harda mümkündür Amerika hərbçilərini və vətəndaşlarını hədəf alacaqlar. Bayden hakimiyyətə gəldiyi ilk gündən itkilərlə üzləşmək istəmir.
İrandakı siyasi dairələr məhz bu iki variantı hesablayaraq uranı məhz indi zənginləşdirməyə qərar verdilər. Əlbəttə, Amerika İranın uranı zənginləşdirməsinə hansısa şəkildə reaksiya verməlidir və görünür Tehran bu dəfə özünü mümkün əks-reaksiyalara hazırlayıb. İranın itirəcəyi heç nə yoxdur, iqtisadiyyatda ağır günlər yaşanır, pandemiya on minlərlə insanın həlak olmasına səbəb olub. Ortaq düşmənə qarşı mümkün müharibə İran hakimiyyətinin və cəmiyyətinin üzləşdiyi problemləri arxa plana atacaq.
Bəs mümkün müharibə Azərbaycan üçün hansı çətinliklər yaradacaq?
Amerika-İran müharibəsi zamanı qonşu ölkə humanitar böhranla üzləşəcək və bu böhrana biz seyrçi qala bilməyəcəyik. Azərbaycan müharibənin və İrana qarşı raket zərbələrinin əleyhinə olsa da, Bakı ABŞ və İsraillə münasibətləri nəzərə alaraq siyasi baxımdan mümkün toqquşmada neytrallığını qoruyacaq. Əsas odur ki, müharibənin qəlpələri Azərbaycana keçməsin, yəni müharibədə iştirak edən dövlətlər bir-birinə qarşı mübarizədə Azərbaycan ərazisindən istifadə etməsinlər. Ancaq bizim istəyimizdən asılı olmayaraq müharibə iştirakçılarından hansınınsa gizli şəkildə rəqibinə qarşı Azərbaycan ərazisindən istifadəsindən sığortalanmamışıq.
Biz öz problemimizin həlli ilə məşğuluq və növbəti mərhələdə Dağlıq Qarabağdakı yerdə qalan separatçıları ram etməliyik. Biz başqa problemin tərkib hissəsi olmasından var gücümüzlə çəkinməliyik. Ona görə də bölgədə vəziyyəti gərginləşdirən qüvvələrə indidən çağırışımız olmalıdır ki, bizdən kənar dayanın!
Elxan Şahinoğlu-"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri