Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bizə hansı lazımdır: sektant təfəkkür, yoxsa ümmət şüuru?



Newscenter.az.4.01.2021. Sual yaransa ki, bu gün Müsəlman ümmətinin daha çox nəyə ehtiyacı var, cavabımız birmənalı şəkildə belə olardı: birliyə! Məhz birlik müvəffəqiyyəti təmin edib inkişaf gətirə bilər. Vətən müharibəsi illərində biz bu birliyin ölkə miqyasında əməli təzahürünü görə bildik: həm ön, həm də arxa cəbhədə özünü göstərən birliyin sayəsində Qarabağı qaytardıq.

Həmin günlərdə insanımız əvvəlki insan deyildi: hər kəs köməkləşmə şüuru ilə hərəkət edir, xırda və iri problemlərin həllində bir-birinə güzəştə gedirdi. Sevinirdik, çünki birlik insan oğlunu güclü etməklə yanaşı, həm də ona həyat eşqi, mənəvi səbat bəxş edir.

Bəs birliyə ən böyük zərbəni nə vurur? Sektant təfəkkür, separatçılıq meylləri! Fərqi yoxdur bu sektantlıq və separatçılıq hansı məzmunda özünü büruzə verir, nəticə dəyişməzdir: parçalanma, konflikt, dağınıqlıq, tənəzzül, ətalət, gözdən düşmə və s...

Bu ölkənin gələcəyi, inkişafı və gücü Azərbaycan adlanan coğrafiyada yaşayan bütün milli-dini subyekt və qrupların birlikdə, dinc yaşaya bilməyindən asılıdır. Qafqazda güclü Azərbaycanı o halda qurmaq mümkündür ki, milli və dini, o cümlədən məzhəb müstəvisində separatçılıq və sektant təfəkkürdən imtina edilsin, multikultural, ümmətçi yanaşma əsas götürülsün.

Milli və dini birliyi parçalayıcı ideyalardan çıxış edən sektant təfəkkürlə yaratmaq mümkün deyildir...
Sözümün canı vardır: Çoxmillətli Azərbaycanımızda milli müstəvidə türk etnosunu mərkəzə yerləşdirərək, digər etnosları sərf-nəzər etmək nə qədər təhlükəlidirsə, eyni zamanda çoxkonfessiyalı respublikada bu və ya digər məzhəbi qabarıq fonda təqdim etmək, başqa məzhəbləri ixtisara salmaq, islam qardaşlığı, yaxud ümmətçi nöqteyi-nəzərdən çıxış etməmək bir o qədər təhlükəlidir...

Bəli, Azərbaycan reallığına münasibətdə məzhəbçi, sektant, ümməti hansısa konfessiyada ixtisar edən zehniyyətdən deyil, bütöv ümmət prizmasından çıxış etməliyik.

Polad Həşimov kimi ümummilli və ümumdini qəhrəmanı parçalayıcı, məzhəbçi şüarlara alət etmək sektant eqoizmin təzahürüdür, təfəkkür dayazlığı, ümmətcəsinə düşünə bilməməyin nəticəsidir. Sadəcə, ayıb olsun!

Azərbaycan mühitində din adından danışan subyektlərin donuq ənənəçi baxışlardan xilas olmağı lazımdır. Onlar sektant ritorikadan birdəfəlik imtina etməli, ümmətçilik və islam qardaşlığı dəyərlərini ritorikalarının meyarı halına gətirməlidirlər.

Təəssüf ki, bizdə sektant (məzhəbçi) paradiqmaların təsirində qalan qapalı dini dünyagörüşünün təsirindən xilas ola bilməyən subyektlər az deyildir. Bu subyektlər başa düşə bilmirlər ki, Quranın ümmmətçi və islam qardaşlığı prinsiplərinə söykənməyən natamam münasibət formaları səmərəli ola bilməz. Reallığa hökm etmək, nümunəyə çevrilmək istəyiriksə, Quranmərkəzli islam qardaşlığı ritorikasından çıxış etməliyik.

Ümmətçilik, yaxud islam qardaşlığı prinsipindən çıxış etmək məzhəblərin ləğvi kimi başa düşülməməlidir. Burada əsas məqsəd fərqliliklərə münasibətdə Quranı mərkəzə yerləşdirmək, islam qardaşlığı və ümmətçilik şüurundan çıxış etmək, qapalı sektant sistemlərin mərkəzçiliyindən xilas olmaqdır. Ölkəmizdə dini sahədə fəaliyyət göstərən subyekt və qurumlar sektant nöqteyi-nəzərlərlə mübarizə aparmalı, məzhəbçi ənənəyə çevrilmiş ənənəmizi Quran dəyərləri, ümmət şüuru və islam qardaşlığı əsasında nəzərdən keçirməlidirlər.

Quran, ümmət şüuru və islam qardaşlığı məzhəbçi, sektant ənənənin qiymətləndirilməsində əsas meyar rolunu oynamalıdır. Ölkəmizdə birliyin, tolerantlığın formalaşmasına mane olan məzhəbçi ənənə istinad-mənbə ola bilməz! Olsa-olsa, ayrı-ayrı qrupları, sektaları formalaşdıra bilər, fərdlərinin bir-birinə hörmət etdiyi ümmət yarada bilməz!

Biz birlikdən danışarkən Azərbaycan daxilində ayrı-ayrı xüsusiyyətləri sərf-nəzər edən kombinativ birliyi nəzərdə tutmuruq. Nəzərdə tutduğumuz şey ölkədə dinc yaşamaq, bir-birinin dəyərlərinə hörmət etmək şüurunu inkişaf etdirən konfederativ, koalision birlikdir. Maraqlıdır ki, Allah Quranda möminlərin qəlblərini həmrəy etməsindən danışır, birləşdirməsindən deyil. Məsələn, möminlərin birliyindən bəhs edən ayənin ərəbcə mətnində “birləşdirmək” mənasına gələn “vəhhədə” deyil, “əlləfə” (həmrəy etmək, dost etmək) feli işlədilmişdir. Çünki birləşdirmə birləşdirilənlər arasında tam kombinasiyanı, inteqrasiyanı ifadə edir. Bu prosesdə birləşdirilən tərəflərin bəzi xüsusiyyətlərinin ləğvi mümkündür. Amma həmrəylik uyğunluğun mümkün həddini təmin edir, din və məzhəb müxtəlifliyini əməkdaşlığa xidmət edən növbənövlüyə çevirir. Məhz bu meyar ölkəmizdə ümumi maraqlara xidmət göstərən bütövləşmə və həmrəyliyi təmin edə bilər.

Elvüsal Məmmədov
AMEA Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun fəlsəfə üzrə fəlsəfə doktoru
Xəbəri paylaş