Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vətən Müharibəsi İlham Əliyevin cəsur sərkərdə və mahir diplomat olduğunu sübut etdi



Newscenter.az.4.01.2021. 2020-ci ilin ən böyük uğuru heç şübhəsiz Vətən müharibəsindəki qələbəmizdir. Sirr deyil ki, ötən ilin 27 sentyabrda Ermənistan Azərbaycana qarşı irimiqyaslı hərbi təcavüzə başladı. Azərbaycan ordusu isə mülki əhalini qorumaq və ərazi bütövlüyünü bərpa etmək məqsədilə uğurlu əks-hücum əməliyyatı başladı və işğal olunmuş ərazilərin böyük bir hissəsini azad etdi. Bu müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun tarixi qələbəsidir.

Vətən Müharibəsi dövründə Prezident İlham Əliyev bir çox nüfuzlu xarici media nümayəndələrinə müsahibələr verərək Azərbaycanın haqlı mövqeyini dünya ictimaiyyətinin diqqətinə çatdırdı və Ermənistanın yalanlarını ifşa etdi. Bir sıra təxribat xarakterli suallara məharətlə cavab verən Prezident bir daha özünün siyasi-diplomatik bacarığını nümayiş etdirdi. Azərbaycan Prezidentinin çıxışları, müsahibələri Azərbaycanın haqq səsinin dünya ictimaiyətinə çatdırılmasında və erməni yalanlarının ifşa edilməsində mühüm rol oynadı.

Prezident İlham Əliyev Vətən Müharibəsi dövründə bir sıra təzyiqlərə mətanətlə sinə gərdi və qətiyyətlə Azərbaycanın mövqeyini müdafiə etdi. Bəzi xarici ölkələr, təşkilatlar, siyasi dairələr Azərbaycana deyirdilər ki, münaqişənin hərbi həlli yoxdur. Lakin Prezident İlham Əliyev “Dəmir yumruq” əməliyyatı ilə sübut etdi ki, münaqişənin hərbi həlli var. Nəticədə ölkəmiz BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı məlum dörd qətnaməsini özü icra etdi. Ermənistanın Azərbaycan torpaqlarını 30 il işğal altında saxlaması bir daha göstərdi ki, təəssüf beynəlxalq hüquq işləmir və ona riayət olunmur. Güc amili beynəlxalq münasibətlərdə ön sıraya çıxır. Azərbaycan isə öz gücünü məhz BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, beynəlxalq hüququn normaları çərçivəsində istifadə etdi və bu, işğalçını “Sülhə məcburetmə” əməliyyatı idi.

Vətən Müharibəsi bir daha Prezident İlham Əliyevin müdrik və qətiyyətli dövlət başçısı, cəsur sərkərdə və mahir diplomat olduğunu sübut etdi. Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə mövqeləri gücləndiyi üçün beynəlxalq ictimaiyyət Azərbaycanın Vətən Müharibəsinin beynəlxalq hüquqa uyğun olduğunu anlayışla qəbul etdi: “Bu gün hər kəs qəbul edir ki, regionda artıq yeni reallıq yaranıb. İşğal edilmiş torpaqların azad edilməsi Azərbaycanı beynəlxalq münasibətlər sistemində regionun aparıcı siyasi və hərbi gücü kimi təsbit etdi. İşğalın sona çatması regionda yeni geo-siyasi reallıqlar yaratmaqla bölgədəki bütün xalqların sülh, əmin-amanlıq, inkişaf və iqtisadi rifahı üçün yeni imkanlar yaratdı. Əlbəttə ki, Azərbaycan hakimiyyəti Qarabağı bərpa edəcək, dirçəldəcək və dünyanın ən inkişaf etmiş regionlarından birinə çevirəcək.

Sədaqət Vəliyeva-Milli Məclisin deputatı
Xəbəri paylaş