Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanın Azərbaycana təzminat ödəməsinin mexanizmi açıqlanıb



Newscenter.az.7.01.2021. "Bərpa işlərinə qədər digər vacib bir məsələ də öz həllini tapmalıdır. Bu, dəymiş ziyanın hesablanmasıdır. Artıq müvafiq göstəriş verilib və İqtisadiyyat Nazirliyi bu məsələ ilə bağlı beynəlxalq tərəfdaşlarla da təmaslar qurub. Əlbəttə ki, bütün ilkin işləri biz özümüz görməliyik. Bütün şəhərlərin, bütün kəndlərin video və foto çəkilişləri aparılmalıdır, təsdiq edilməlidir, protokollaşdırılmalıdır".

Bu fikirləri Prezident İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib.

"Bununla paralel olaraq, dağıdılmış və azad edilmiş bütün torpaqların peyk vasitəsilə çəkilişi aparılmalıdır. Dronlardan da istifadə etməklə hər bir şəhərin, hər bir kəndin sənədləşdirilməsi, əgər belə demək mümkündürsə, pasportlaşdırılması aparılmalıdır. Bunu biz özümüz aparmalıyıq. Xarici mütəxəssislər, beynəlxalq şirkətlər gələndə artıq bu materiallar onlara təqdim ediləcək. Əlbəttə ki, onlar özləri də sərbəst şəkildə bütün tədqiqatları aparmalıdırlar. Burada, ilk növbədə, tarixi abidələrin məhv edilməsi, dağıdılması öz əksini tapmalıdır - ictimai binaların, dövlət binalarının, müəssisələrin, - o vaxt bütün müəssisələr dövlət mülkiyyətində idi, - fərdi evlərin və çoxmənzilli binaların dağıdılması. Bütün sənədləşmə işləri aparıldıqdan sonra bu əmlakların o vaxtkı qiyməti rubl ekvivalentində çıxarılmalıdır və bunun indiki qiymətləndirilməsi aparılmalıdır. Yəni, bu işləri biz özümüz görməliyik və bu, xaricdən gələn şirkətlərin işini də bir qədər yüngülləşdirəcək. Onlar bunun əsasında müstəqil şəkildə öz hesabatlarını hazırlayacaqlar. Bu, bizə mütləq lazımdır. Çünki təzminat davasının başlanması üçün bizdə mütləq tanınmış beynəlxalq şirkətlərin rəyi olmalıdır", - dövlət başçısı deyib.
Xəbəri paylaş