Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Pirallahıda daha 2 küçə təmir edilib



Newscenter.az.7.01.2021. Bakının Pirallahı rayonunda avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında ölkə prezidentinin sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi daha 2 küçədə təmir işlərini yekunlaşdırıb.

Bu barədə Newscenter.az-a qurumdan bildirilib.

Məlumata görə, bunlar Süleyman Bağırov və Gənclik küçələridir. Onların uzunluğu müvafiq olaraq 2,9 km və 1,1 km təşkil edir.

"Sözügedən küçələr uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunurdu, yol örtüyünün vəziyyəti qənaətbəxş deyildi, çünki torpaq əsaslı və çınqıl örtüklü idi. Bu isə xüsusən payız-qış mövsümündə küçələrdən istifadə edən vətəndaşların rahat hərəkətinə problemlər yaradırdı.

Aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə köhnə örtük sökülüb və yararsız qrunt qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirilib və yol əsası hazırlanıb. Daha sonra isə yeni asfalt-beton örtüyü döşənib.

Təmir işlərinin aparıldığı ərazinin sahəsi 24 min kv.m təşkil edir", - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, agentlik 2019-cu ildə Pirallahı rayonunun Gürgən qəsəbəsinin uzunluğu 2 km olan daxili yolunda təmir işləri aparıb.
Xəbəri paylaş