Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yeni qatarlar dəyişikliklərin göstəricisidir



Newscenter.az.8.01.2021. 2020-ci ildə yeni növ koronavirus (“COVID-19”) infeksiyasının yayılma ehtimalının qarşısının alınması məqsədilə Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti müxtəlif dövrlərdə dayandırılsa da, yaranmış fasilələrdən səmərəli istifadə olunub. Lakin o da məlumdur ki, tikinti meydançalarından fərqli olaraq, istismarda əsas vəzifə, işlərin metropolitenin sərnişindaşıma fəaliyyətinə hazır olması şəraitində həyata keçirilməsini hər an tələb edirdi. Newscenter.az Metropolitenə istinadən xəbər verir ki, buna görə də yeniliklər, təmir-bərpa, sağlamlaşdırma və digər tədbirlər sərnişindaşımaya hər an maksimal hazırlıq şəraitində planlı həyata keçirilib.

2020-ci ildə ən əhəmiyyətli tədbirlərə həsr olunmuş növbəti məqalədə hərəkətin təşkili, sərnişin təhlükəsizliyi və rahatlığını təmin edən sahələr arasında sərnişinlərin xüsusi diqqətini çəkən lokomotiv parkının yeniliklərindən bəhs edilir.

Vaqon parkının yenilikləri qabarıq nəzərə çarpır

Metropolitenin vaqon parkının yenilənməsi prosesinin davamlı təşkili xüsusi diqqət çəkir. 2015-ci ildə başlanmış bu proses nəticəsində xətlərdə yeni qatarları sərnişinlər də daha çox müşahidə etməyə başlayıb. 2020-ci ilin pandemiya məhdudiyyətlərinə rəğmən istehsalı vaxtında yekunlaşdırılan 20 vaqondan ibarət daha 4 qatar da sərnişinlərə xidmət göstərir. 2019-cu ilin oktyabr ayında "Metrovaqonmaş”la bağlanmış müqaviləyə əsasən, gətirilmiş qatarların daha bir özəlliyi ondan ibarət oldu ki, onların “Nərimanov” elektrik deposunda sazlanması, tənzimlənməsi və sınaqlarını artıq əvvəlki dövrdə müvafiq hazırlıq keçmiş və təcrübəsi olan işçilər apardılar. İki qatar iyun ayının 29-da, digər növbəti sərnişindaşıma qadağası götürüldükdən sonra, sentyabrın 14-də xəttə buraxılıb. Beləliklə, Bakı metropoliteninin lokomotiv parkındakı ən müasir tipli vaqonların sayı 75-ə, xətdə hərəkət edən qatarların sayı 15-ə çatdırılıb. Qatarlardan 3-ü “Həzi Aslanov-İçərişəhər”, 12-si “Həzi Aslanov-Dərnəgül” xəttində hərəkət edir.

Xəttə buraxıldığı zaman elan edildiyi kimi, yeni vaqonlar məhz Bakı metropoliteninin texniki tələblərinə uyğun istehsal olunub. Qatarlar Bakının iqlim şəraitinə hesablanmış kondisioner, avtomatik tənzimlənən mikroiqlim nəzarəti sistemi ilə təchiz edilib. Bu sistemlər, eləcə də ultrabənövşəyi lampalar vaqon salonunda havanın zərərsizləşdirilməsi funksiyasını da yerinə yetirir. Baş vaqonlar 315, orta vaqonlar 329 sərnişin tutumuna malikdir.

Vaqonlar arasında birbaşa keçidlər var. Bu, sərnişin salonunun 15 faiz genişlənməsinə, nəticədə, daha çox sərnişin daşımağa, sərnişinlərin qatar boyunca rahat hərəkət etməsinə və bərabər paylanmasına şərait yaradır.

Vaqonlarda ayaq üstə dayanan, iri yük və uşaq arabaları ilə hərəkət edən sərnişinlər üçün çoxfunksiyalı zonalar, baş vaqonlarda maşinist kabinasının arxasında olmaqla əlil arabaları üçün yerlər, mobil cihazları enerji ilə yükləmək üçün USB portlar var.
Salon qapıları əvvəlki nəsil vaqonları ilə müqayisədə daha enlidir. Bu isə sərnişinlərin daha sürətli minib-düşməsini təmin edir.
Ümumilikdə, yeni qatar tərkibləri sərnişin təhlükəsizliyi və rahatlığı baxımından ən müasir yenilikləri, o cümlədən Bakı metropoliteninin infrastruktur tələblərini özündə ehtiva edən sistem və avadanlıqlarla təchiz olunub.

Müasir vaqonların təmir heyəti də formalaşıb

2020-ci ilin uğurları sırasında daha bir əhəmiyyətli texnoloji prosesin mənimsənilməsini qeyd etmək olar. Yeni vaqonlara xidmət heyətinin formalaşdırılması da davamlı kadr hazırlığının tərkib hissəsi olub. 2020-ci ilin yanvar-fevral aylarında 2015-ci ildə alınmış vaqonların (81-760.B/761.B/763.B tipli) ilk böyük təmiri həyata keçirilib. Təmirin bu növündə vaqonların dartı mühərrikləri, güc inventorları, elektrik və elektron avadanlıqları, işıqlandırma, videomüşahidə, iqlim-nəzarət sistemləri və digər elementlərinin təmiri, eləcə də bu işlərin yekununda sınaqları aparılıb.

Bağlanmış müqaviləyə uyğun olaraq, "Metrovaqonmaş"ın nəzdində fəaliyyət göstərən "Metrovaqonmaş-Servis" təmir üçün lazım olan bütün avadanlıqları əldə edərək, texnoloji prosesləri yerinə yetirib. Müəssisə təmirlə yanaşı, müqavilə öhdəliyinə görə, yerli təmirçi kadrları hazırlayıb. Tədris prosesinə vaqonlara keyfiyyətli xidmətin göstərilməsi, müntəzəm təmirin aparılması və digər yoxlama-sınaq işlərinin öyrədilməsi daxil olaraq, məhz pandemiya şəraitində yeni qatarların yerli mütəxəssislərin bacarığı sayəsində xəttə buraxılmasında həlledici rol oynayıb.

Təmirin keyfiyyətini artıran digər yeniliklər

Vaqonların təmir bazasının gücləndirilməsi və vaqon parkının sağlamlaşdırılmasında yeniliklər az olmayıb. Vaqonların təmir və texniki-mühəndis heyətinin iş şəraitinin yaxşılaşdırılması üçün yeni müasir otaqlar, ehtiyat hissələrin saxlanması üçün yeni anbar istismara verilib. İl ərzində daha 3 baxış-təmir qanovu yenidən qurulmaqla ən müasir standartlar səviyyəsinə çatdırılıb. Bu qanovlarda baş vaqonun ön hissəsinin təmizlənməsi üçün qaldırıcı qurğu quraşdırılıb. Vaqon avadanlıqlarını yuma və üfürmə kamerası yenidən qurulub.
Qəza-bərpa vasitələri məntəqəsinin briqadaları yenidən formalaşdırılıb və qəza-təlim məşqlərin yeni formatda keçirilməsi təşkil edilib. Məntəqə üçün qaldırıcı hidravlik stansiya alınıb, yeni tipli vaqonların arabacıq çərçivələrini çevirən qurğu istismara verilib.

Yeni nəsil vaqonları səviyyəsində modernləşdirmə

Sərnişinsiz günlərdə qatarlar depoda dayandığından, ilk baxışda, burada ciddi işlərə əsas olmayıb. Lakin bu müddətdən səmərəli istifadə olunaraq, vaqonların müxtəlif təmir növləri üzrə planlı işlər yerinə yetirilib. Bu xüsusda vaqonların əsaslı təmiri də lokomotivçilərin köməyinə gəlib.

Hələ 2014-cü ildə metropoliten tarixində inqilabi qərarlardan biri verilərək, qatarların əsaslı təmiri pilot layihə kimi yerli şəraitdə öyrənilməsinə və ilk addımların atılmasına başlanmışdı. Nəticədə, qatarların bu məqsədlə Moskva və Sankt-Peterburqa, daha sonralar Xarkova, nəhayət, son dövrlərdə isə Tbilisidəki “Moskva Elektrik Qatarlarının Təmiri Zavodu” QSC-nin filialına göndərilməsi ənənəsinə son qoyulub.

2020-ci ildə təkcə bu sexdə 15 vaqonun təmir olunaraq modernləşdirilməsi nəzərdə tutulsa da, bu 20 vaqonda həyata keçirilib. Hazırda 5 vaqonun təmirində də həlledici işlərə başlanılıb. Bundan savayı, elektrik deposunun qaldırma təmiri sexində daha 30 vaqon, normativ tələblərə uyğun olaraq, 3 saylı cari təmir işlərinə cəlb olunub. Ümumilikdə, il ərzində pandemiya dövrünün bütün məhdudiyyətlərinə rəğmən, iki sexdə birlikdə 50 vaqon mühüm təmir növlərinə cəlb olunub.

Bunlarla yanaşı, Bənövşəyi xətdə quraşdırılan müasir sistemlərin tələblərinə uyğun olaraq, daha 4 qatar tərkibində “Thales” şirkətinin işarəvermə və “Tetra” radio-rabitə avadanlıqları yerləşdirilib. Həmin qatarlar Bənövşəyi xəttə göndərilib və hazırda istismar olunmaq üçün müvafiq tədbirlər yerinə yetirilir.

Təmir zamanı modernləşdirmə tədbirlərinə cəlb edilən qatarlarda Rusiyanın “Spetsavtomatika” müəssisəsinin vaqon idarəetmə sistemi, ”Knorr Bremse”nin yeni nəsil kompressor aqreqatı, iki tipdə yeni kontaktorlar, habelə xətti kontaktorlar yeşiyi, “Seşeron” şirkətinin yeni tipli tezsöndürən elektrik açarı, kompressor inventoru, vaqonlararası əlaqə üçün müasir “Hartinq” sistemi, ”Kamotsi” pnevmatik qapı inteqalı və maşinist kabinalarında tavan tipli havalandırıcılar tətbiq olunub. Bu yeniliklər ən müasir qatarlarda həyata keçirilir və nəticədə əvvəlki nəsil qatarların idarəetmə sistemləridır. Onlar vaqonlara xidməti sadələşdirilməklə, qulluğu asanlaşdırır, daha uzunömürlüdürlər. Ən vacibi, vaqonların ümumu texniki xarakteristikası bərpa olunmaqla idarəetmə rəvanlığı təhlükəsizliyi və etibarlığı artırılır.

Bunlardan əlavə, vaqonlarda interyer işlərindən döşəmə örtüyünün, səth plastiklərinin və sərnişin oturacaqlarının üzlərinin, qapı və pəncərələrin rezin kipləşdiricilərinin, salon işıqlarının yenisi ilə (LED tipli) dəyişdirilməsi, baş vaqonların ön hissələrinin yenilənməsi kimi işlər də yerinə yetirilir.

Bütün bunlar lokomotiv parkının sağlamlaşdırılması, qatarların xətdə nasazlığı səbəbindən depoya qaytarılması kimi halların dəfələrlə azalmasına səbəb olub.

Anar
Xəbəri paylaş