Newscenter.az.9.01.2021. Qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun nəzdində fəaliyyət göstərən laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi, eləcə də modernləşdirilməsi istiqamətində tədbirlər ardıcıl olaraq davam etdirilir.
Newscenter.az-a daxil olan xəbərə görə, AQTİ-nin Göygöl Regional Sınaq Laboratoriyasında da qabaqcıl texnologiyaların tətbiq istiqamətində maddi-texniki baza mütəmadi olaraq zənginləşdirilir, kadrların səriştəliliyinin artırılması üçün təlimlərdə və beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirak təmin edilir.
Qeyd edək ki, hazırda Göygöl RSL-də bruselyoz xəstəliyinin təyini üçün ELİSA müayinə metodundan istifadə edilir. Bu sahədə müayinələrin beynəlxalq tələblərə uyğun həyata keçirilməsi üçün laboratoriya mütəmadi olaraq peşəkarlıq sınaqlarına cəlb edilir. Göygöl Regional Sınaq Laboratoriyası İngiltərənin VETQAS (APHA SCIENTIFIC) şirkəti tərəfindən təşkil edilmiş səriştəlilik test proqramlarında uğurla iştirak edib. Hollandiya, Cənubi Afrika, Yeni Zelandiya, BƏƏ, ABŞ, Norveç, Böyük Britaniya, Braziliya, Portuqaliya, Rusiya, Avstraliya kimi ölkələrin də iştirak etdiyi səriştəlik test proqramında laboratoriya bruselyoz xəstəliyinin müayinəsi üzrə yüksək nəticə əldə edib.
Orxan