Newscenter.az.14.01.2021. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Türkiyənin “Poçt və Teleqraf Təşkilatı”nın (PTT) baş direktoru Hakan Gültenlə görüşüb.
Newscenter.az nazirliyə istinadən xəbər verir ki, görüşdə nazir Vətən Müharibəsi dövründə göstərilən mənəvi və siyasi dəstəyə görə Türkiyə tərəfinə minnətdarlıq edib.
“Prezidentin tapşırığı ilə biz işğaldan azad olunmuş ərazilərdə infrastrukturun bərpasına başlamışıq” – deyən nazir artıq Füzuli rayonundan tarixi Şuşa şəhərinə 1-ci dərəcəli yolun çəkilişinə başlanıldığını diqqətə çatdırıb. R.Quluzadə bildirib ki, bu layihəyə Türkiyə şirkətləri də cəlb olunub.
O, qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə innovativ layihələrin həyata keçirilməsi nəzərdə tutulur və bu, ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir. “Smart city” layihələrinin icrası ilə bağlı hazırda tərəfimizdən dünyanın aparıcı şirkətləri ilə danışıqlar aparılır və görüləcək işlər, təbii olaraq, adıçəkilən ərazilərdə poçt sahəsinin də daha müasir tələblərlə inkişafına təkan verəcək”.
Sevinc