Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident Şuşa şəhərinə Qələbə yolu ilə getdi

Prezident Şuşa şəhərinə Qələbə yolu ilə getdi


Newscenter.az.16.01.2021. Dünyanın ən qədim insan məskənlərindən biri olan Azərbaycanın-Qarabağ guşəsinin təkrarsız təbiəti, çoxəsrlik mədəniyyəti, tarixi və müxtəlif mədəniyyətlərə, sivilizasiyalara məxsus elementləri ahəngdar şəkildə özündə birləşdirən adət-ənənələri vardır. Həmçinin tariximizə nəzər salsaq görərik ki, toponimikası Azərbaycan dilində "Qarabağ-Böyük Bağ" kimi yozulan bu diyarın paytaxtı isə qədim Pənahabad, Şuşa şəhəri olmuşdur. Bildiyimiz kimi Azərbaycanın ən mühüm şəhərlərindən biri olan Şuşa şəhərinin təməli 1748-ci ildə Qarabağ hökümdarı Pənahəli xan tərəfindən qoyulmuşdur. Şuşa şəhəri hər zaman Azərbaycan təbiətinin nadir gözəlliklərini, xalqımızın maddi və mənəvi irsini özündə əks etdirən füsunkar diyarımızdır. Şuşanın ətrafında yerləşən qədim yaşayış yerləri, o cümlədən məşhur Cıdır düzündəki Şuşa mağarasıda bu yerlərin Azərbaycan ərazisində ən qədim insan düşərgələrindən biri olduğunu sübut edir.

Həmçinin Şuşa şəhəri Qarabağ xanlığının hərbi-starteji əhəmiyyətli və iqtisadi-siyasi,mədəni mərkəzlərindən biri idi. Şuşada vaxtilə ərazini düşmənlərdən qorumaq məqsədilə çox sayda müdafiə qurğuları Bayat, Şahbulaq və Şuşa qalaları tikilmişdir ki, həmin bu tarixi abidələr bizim zəngin mədəniyyətimizin və incəsənətimizin bənzərsiz nümunələri hesab edilir. Eyni ilə Zaqafqaziyanın kansorvatoriyası adını qazanmış Şuşa şəhəri Mir Möhsün Nəvvabın, Cabbar Qaryağdı oğlunun, Keçəçi oğlu Məhəmmədin, Seyid Şuşiniskinin, Bülbülün, Zülfü Adıgözəlovun, Xan Şuşuniskinin, Məşədi Cəmil Əmirovun, Qurban Primovun, dahi bəstəkarlarımız olan Üzeyir Hacıbəyovun, Zülfiqar Hacıbəyovun, Fikrət Əmirovun, Niyazinin, Əfrasiyab Bədəlbəylinin, Soltan Hacıbəyovun və müğənni Rəşid Behbudovun vətənidir. Fakt olaraq qeyd etmək olar ki,doğma Qarabağ torpaqlarında ermənilərin kütləvi şəkildə məskunlaşdırılması XIX əsrin I yarsına təsadüf edir. Belə ki Rusiya və İran arasında 1828-ci ildə bağlanan Türkmənçay müqaviləsindən sonra İrandan və digər ərazilərdən buraya qırx mindən artıq erməni köçürülmüşdür. Və sonrakı illərdə də davam edən bu proses Qarabağda demoqrafik vəziyyətə nəzərə çarpacaq dərəcədə təsir göstərmişdir. 8 may 1992-ci il tarixində Şuşa şəhəri erməni təcavüzkarları tərəfindən işğal olunduqdan sonra, burada tarixi abidələr dağıdılmış və mədəniyyət nümunələrinə qarşı əsl vandalizm aktı törədilmişdir. Şuşanın tarixi-memarlıq qoruğuna daxil olan abidələrdən Yuxarı və Aşağı Gövhərağa məscidləri, Xan qızı Natəvanın evi, Qarabağ xan sarayı, Vaqif türbəsi, Mirzə Salah bəy Zöhrabbəyovun yaşayış evi, Şuşa kurqanı, Şuşa mağara düşərgəsi, Şuşa qalası və digər tarixi ərazilərimiz erməni təcavüzü nəticəsində dağıdılmış və həmin abidələrimizin bir çoxu yerlə yeksan edilmişdir.

Müasir Azərbaycanın memarı, xalqımızın ümummili lideri Heydər Əliyev Şuşanın Azərbaycan üçün xüsusi əhəmiyyətini yüksək qiymətləndirərək bildirmişdir ki, Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezidentimiz cənab İlham Əliyev Azərbaycanın milli və dövlətçilik maraqlarını daim uca tutmuşdur. Ulu öndərin vəsiyyətini yerinə yetirən və hər zaman vətənpərvərlik hissi ilə yaşayaraq, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün illərdir fasizləsiz olaraq çalışan Ali Baş Komandanımız cənab İlham Əliyev azərbaycanlıların 30 illik Vətən, torpaq həsrətinə son qoyaraq, 15 Yanvar 2021-ci il tarixində öz çıxışlarında da qeyd etdiyi kimi doğma Şuşa şəhərinə Qələbə yolu ilə getdi. 44 günülük Vətən müharibəsi Cənab Prezidentin rəhbərliyi altında Müzəffər Ordumuzun erməni qəsbkarlarını məğlub edərək, Şanlı Zəfər tarixi yazması ilə nəticələndi. Vətən müharibəsi davam etdiyi müddətdə cənab Prezident “Şuşasız bizim işimiz yarımçıq qalar” deyərkən mənfur düşmənlərimizə sərt bir mesaj vermişdi. Bu sözlərə etinasız yanaşan Ermənistan rəhbərliyi gələcəkdə ciddi məğlubiyyətlə üzləşəcəklərini təsəvvür belə etmirdi. Və cənab Prezidentin qalib ordunun Böyük Sərkərdəsi kimi Füzuli rayonuna gələrək, Füzuli-Şuşa yolunun, Hava Limanının təməlini qoyması və Şuşa Şəhərinə səfər etməsi bütün Ermənistanın ürəyinə saplanan xəncər oldu.

Xeyli müddətdir Cıdır düzündə kef məclisləri təşkil edib yallı gedən Ermənistan rəhbərliyi bu gün artıq İlham Əliyevin Şuşadan rəsmi İrəvana göndərdiyi Qalib Sərkərdə mesajlarını sakitcə və məyyusluqla dinləmək məcburiyyətindədirlər. Vaxtilə erməni təcavüzkarları Şuşada mədəniyyət nümunələrini dağıdaraq dahi şəxsiyyətlərimizin büstlərini gülləbaran etmişdir. Cənab Prezidentimiz Şuşaya gələrkən dahi şəxsiyyətlərimizin-Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərini gətirməsi bizlərə əslində milli kimliyimizi və milli ruhumuzu qaytardı. Azərbaycanın görkəmli şairlərindən biri olan Molla Pənah Vaqifin Şuşada yerləşən məqbərəsi önündə çıxış edən cənab Prezident Ermənistanı təxribatçı addımlarından çəkinməyə çağıraraq, “əgər onlar revanş haqqında düşünərsə, o, zaman Azərbaycanın dəmir yumruğunu bir daha görəcəkdir”sözlərini söyləməsi ilə bütün Ermənistana göstərdi ki, Azərbaycan Cənubi Qafqaz regionun ən güclü və ən qüdrətli dövlətidir. Eyni zamanda Cənab Prezidentin ailəsi ilə birlikdə Şuşadakı məscidləri ziyarət edərək,həmin məscidlərə “Qurani-Şərif” bağışlaması ölkə başçısının humanist və islami dəyərləri yüksək qiymətləndirən dahi şəxsiyyət olduğunun həqiqi göstəricisi idi. Şuşada ilk dəfə 1982-ci ildə olan Prezidentimiz illər sonra Şuşaya Yeni Azərbaycan tarixi yazan Qəhrəman kimi qayıtdı. Bəli həqiqətəndə qürurvericidir, ölkəmizin fəxri olan Qəhrəman liderimiz cənab İlham Əliyevin nümayiş etdirdiyi dəmir yumruq düşmənin belini qırdı və Azərbaycanın əbədi Qələbəsini təmin etdi.

Cənab Prezidentimizin birinci xanım Mehriban Əliyeva və qızları Leyla xanım Əliyeva ilə Cıdır düzündə çay süfrəsinə qonaq olması, milli mətbəximizin əhəmiyyətli nümunəsi olan və ulduzları simvolizə edən paxlava ilə çay içməsi düşmənlərimizin qəlbinə sancılan bir oxa çevrildi. Və ölkə başçısının qeyd etdiyi kimi “Dostlarımız sevinsin,düşmənlərimiz kor olsun” sözləri ilə ermənilərin Şuşaya, Qarabağımıza və ümumilkdə bütün ərazilərimizə qarşı olan xain planlarını alt-üst etdi. Digər bir əlamətdar hadisə o idi ki, bütün dünya ölkələri bu Böyük Qələbəmizə şahid oldu və bunun bariz nümunəsi kimi, ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Azərbaycan Prezidenti İlham Əliyevə bu möhtəşəm Qələbə münasibətilə “Zəfər rəmzi” hesab olunan xatirə hədiyyəsi Qılınc təqdim etdi. 100-dən çox yaşı olan bu Qılıncın üzərində loqonun-Dağlıq Qarabağda Qələbəni qeyd edirik sözlərinin yazılması, Ali Baş Komandanımızın dünyanın qəhrəmanlıq tarixi yazan Sərkərdələri siyahısına öz adını qızıl hərflərlə yazdırmasının növbəti sübutu idi. Bizim Qələbə rəmzimiz olan Dəmir yumruqla yanaşı, Cənab Prezidentin qaldırdığı Zəfər Qılıncı bir daha göstərdi ki, bu ölkənin ərazi bütövlüyü heç zaman pozulmayacaq və əgər bir daha erməni mənfurları bu işğalçılıq siyasətinə cəhd etsələr, onlar bu kəskin Qılıncın kəsərini görəcəkdir. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərli ilə yeni-yeni uğurlara imza atan Azərbaycan Respublikası bugündə mürəkkəb və sərt maneələri dəf edərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu və vətəndaş cəmiyyəti formalaşması istiqamətində mühüm və qətiyyətli addımlarını atmaqda davam edir.

İlham Məmmədov-Milli Məclisin deputatı
Xəbəri paylaş