Newscenter.az.17.01.2021. Baydenin Ağ Evə sahib olmaq vaxtı qısaldıqca bir məsələ ətrafında da müzakirələr (və təkcə müzakirələr deyil) genişlənir. Bu, İranın nüvə proqramı ətrafında baş verənlərdir. Başa çatmaq üzrə olan Tramp dönəmində bu məsələdə ABŞ-la onun avropalı müttəfiqləri arasında mövcud olmuş fikir ayrılığı deyəsən, davam edəcək.
Bir o fərqlə ki, əvvəl Tramp İrana qarşı idi və sazişdən çıxmışdı, indi isə Bayden İranla danışıqlar üçün yeni nümayəndə təyin edərkən Avropa üçlüyü (Almaniya, Böyük Britaniya, Fransa) dünən İrana uranın zənginləşdirilməsilə bağlı xəbərdarlıq edərək, bunun yalnız silah yaratmağa xidmət etdiyini bildirib.
Oyun davam edir, dəyişən isə ancaq oyunçuların yeridir. Amma bu məsələdə sabit mövqedə qalan oyunçular da var ki, bunlar da İsrail və Ərəbistan yarımadasının bəzi ölkələridir. Onlar da digər üçlükdə (İsrail, BƏƏ, Bəhreyn) birləşərək Vaşinqtondan İrana qarşı sərt təzyiqləri davam etdirməsini istəyirlər.
Diqqətçəkən məqamlardan biri bu qrupda Səydiyyə Ərəbistanının olmamasıdır. Mövzunun gündəmə qayıtmasının səbəbi isə yanvarın 13-də Tehranın Beynəlxalq Atom Enerjisi Agentliyinə ünvanladığı məktub olub. Agentliyin bildirdiyinə görə həmin məktubda İran uran istehsalını bərpa etməsi haqda xəbərdarlıq edib.
Məsələ bununla da bitmir. Bunlara cavab olaraq ABŞ İranın, Çinin və BƏƏ-nin bir sıra şirkətlərinə sanksiyalar tətbiq edib.
Digər tərəfdən də ABŞ və İsraillə münasibətlərin gərginləşməsi fonunda hərbi təlimlərə başlayan Tehran Hind okeanindakı şərti hədəfə yönələn 1.800 km mənzilli ballistik raketi sınaqdan çıxarıb.
Bura İsrailin qanadlı raketlərlə təhciz olunmuş sualtı qayığının Fars körfəzinə yollandığını da əlavə etdikdə mənzərə tamamlanır.
Belə görünür ki, tərəflər qarşıdurmaya hazır olanda bunun ən pis nəticələrini belə gözləmək olar.
Hərbi qarşıdurma ssenarisi baş tutacağı halda ən ağır duruma düşə biləcək ölkələrdən biri də Azərbaycan olardı. Özü də təkcə qarşıdurmanın yaradacağı humanitar böhran nəticəsində yox, həm də Azərbaycan ətrafında hərbi-siyasi gərginliyin artması səbəbindən.
Əvvəl də qeyd etdiyimiz kimi, Moskvanın Qarabağda hərbi kontingent yerləşdirməsinin başlıca səbəbi Yaxın Şərqə quru yolla çıxışı əldə etmək planının tərkib hissəsidir. "Sülhməramlı" adlandırılan həmin hərbi kontingentin əsas vəzifəsi isə Yaxın Şərqə çıxışı təmin etməli olan nəqliyyat dəhlizinə nəzarətdir.
Yaxın Şərqdə vəziyyət gərginləşdikcə Rusiya "sülhməramlılarının" özbaşınalığı da artacaq, çünki Moskvanın Qarabağda bü gün nəzarət etdiyi mövqelər onun öz planını həyata keçirməsi üçün hələ kifayət eləmir. Deməli, Qarabağdakı Rusiya qoşunları təsir dairəsini genişləndirməli və Azərbaycan-İran sərhəddinə çıxmalıdır.
Bunun da 2 mümkün yolu var:
1. Rəsmi Bakıya təzyiq edərək həmin dəhliz və kommunikasiyalara nəzarəti ələ götürmək;
2. Bu alınmadıqda isə diriltməkdə olduğu erməni separatçılarından istifadə edərək Azərbaycan Ordusunu işğaldan azad etmiş olduğu ərazilərdən qismən sıxışdırıb çıxarmaq.
Azərbaycanın isə hər iki halda sığortalanmaq üçün yalnız bir yolu var:
- Türkiyə ilə hərbi əməkdaşlığı sürətləndirərək, Rusiyanın hədəfində olan mühüm strateji bölgələrdə birgə Azərbaycan-Türkiyə hərbi nəzarətini həyata keçirmək.
Ərəstun Oruclu-ekspert