Newscenter.az.18.01.2021. Sumqayıt hazırda nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir və müasir sənaye mərkəzidir. Eyni zamanda son illər ərzində Sumqayıtda yaradılmış bütün müəssisələr ən yüksək ekoloji standartlara cavab verir. Sumqayıt üçün bunun xüsusi əhəmiyyəti var.
Bu fikirləri Prezident İlham Əliyev Sumqayıtda Azərbaycan Televiziyasına müsahibəsində bildirib.
Əvvəllər Sumqayıtın ekoloji fəlakət zonası olduğunu xatırladan dövlət başçısı deyib: “Biz isə Sumqayıtı müasir sənaye mərkəzinə çevirərək, ilk növbədə, insanların sağlamlığını nəzərə almışıq. Bildiyiniz kimi, sovet vaxtında burada tikilmiş çoxsaylı müəssisələr istismar müddətini başa vurmuşdu, sıradan çıxmışdı və ekoloji vəziyyətə çox mənfi təsir göstərirdi. O müəssisələr söküldü və mənim göstərişimlə 10 il bundan əvvəl onların ərazisində 500 hektar sahəni əhatə edən Sumqayıt Kimya Sənaye Parkı yaradılmışdır. Son illər ərzində bu sənaye parkı o qədər böyüdü və genişləndi ki, artıq göstəriş verildi, əlavə torpaq sahələri tapılsın və bu istiqamətdə işlər aparılır. Bu müəssisənin təməlini 2017-ci ildə mən özüm şəxsən qoymuşam və şadam ki, artıq 100 milyon avro dəyərində bu böyük layihə həyata keçdi və bizi vərəqə şüşələrin idxalından azad edəcək. Bu, o deməkdir ki, valyuta qalacaq ölkəmizdə, yerli istehsal canlanacaq, iş yeri yaradılacaq və iqtisadiyyatımızın şaxələndirilməsi təmin ediləcək”.
"Biz hətta dünya bazarlarında neftin qiymətinin aşağı səviyyədə olduğu bir dövrdə də öz dayanıqlılığımızı qoruya bilmişik. “Mən bu yaxınlarda ilin yekunları ilə bağlı keçirdiyim müşavirədə qeyd etdim ki, bizim valyuta ehtiyatlarımız azalmayıb, hətta az da olsa, artıb. Nəyə görə? Çünki qeyri-neft sektoru uğurla inkişaf edib. Bütün dünya ölkələrində 2020-ci il iqtisadi tənəzzül ili olmuşdur, bizdə də, həmçinin. Amma bizdə tənəzzül cəmi 4,3 faiz olmuşdur. İnkişaf etmiş bəzi ölkələrdə bu, daha böyük rəqəmlərlə ölçülür. Amma bizdə qeyri-neft sənaye sahəsində artım 12,5 faiz olub, məhz bu kimi müəssisələrin hesabına. Sənaye, kənd təsərrüfatı, qeyri-neft sektoru, ixrac imkanları, idxaldan asılılığın azaldılması - bütün bu amillər bugünkü yeni reallığı yaradıb. Beləliklə, ölkəmizin uzunmüddətli dayanıqlı inkişafı təmin ediləcək”, - Prezident İlham Əliyev vurğulayıb.