Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezidentin Şuşaya səfəri Qarabağı qısa müddətdə bərpa edəcəyimizi bütün dünyaya bir daha göstərdi



Newscenter.az.19.01.2021. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ailə üzvləri ilə birlikdə Azərbaycanın işğaldan azad edilmiş Şuşa şəhərinə səfəri olduqca mühüm hadisəsidir.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı Səbinə Xasayeva deyib.

Deputat bildirib ki, dövlət başçımız səfəri zamanı vətəndaşlarımızın, xarici vətəndaşların və xaricdə yaşayan azərbaycanlıların Şuşaya təyyarə ilə rahat gələ bilmələri üçün Füzuli Beynəlxalq Hava Limanının təməlini qoydu və burada beynəlxalq uçuşların təşkil edilməsi istiqamətində də işlərə başlanılmasına dair göstərişlər verdi. Azərbaycanın digər şəhərlərindən Şuşaya rahat gediş-gəlişə imkan yaradıldı. Yaxın gələcəkdə isə azad edilmiş torpaqlarımızda ikinci beynəlxalq hava limanı Kəlbəcər və ya Laçın rayonlarının ərazisində inşa ediləcək. Bütün bu planların həyata keçirilməsi nəqliyyat-kommunikasiya infrastrukturunun formalaşdırılması üçün strateji əhəmiyyət daşıyır.

“Prezidentin səfəri böyük qayıdışın başlandığını, tarixi dədə-baba torpağımız olan Qarabağı qısa müddətdə bərpa edəcəyimizi bütün dünyaya göstərdi. Bu isə qalib Prezidentin ətrafında sıx birləşən, onun düzgün hərbi-siyasi taktika və strategiyasını dəstəkləyən xalqımıza güc verir, onların tarixi torpaqlarına tez bir zamanda qayıdışına böyük inam hissi yaradır. Dövlət başçımızın ailəsi ilə birlikdə gecəni Şuşada qalması xalqımıza və dünyaya işğaldan azad olunmuş torpaqlarımızda qısa müddətdə sabitlik və təhlükəsizliyin bərqərar olmasını əyani şəkildə göstərən gözəl bir mesajdır. Bu, həm də tarixi Zəfərimizin parlaq nəticəsi kimi qiymətləndirilməlidir”.

Deputat qeyd edib ki, Prezidentin azad edilmiş əzəli ata-baba torpaqlarımıza qayıdışı sürətləndirməyə xidmət edən Qarabağa Dirçəliş Fondunu yaratması da düşmən tərəfindən darmadağın edilmiş doğma torpaqlarımızın yenidən qurulmasına, dünyanın diqqətini cəlb edən müasir turizm mərkəzinə çevrilməsinə münbit şərait yaradacaq. Dövlət başçısının qeyd etdiyi kimi, Şuşa şəhərinin bərpası və tarixi simasının özünə qaytarılması istiqamətində artıq işlərə start verilib. Şuşada “Xarı Bülbül” beynəlxalq festivalının və Vaqif poeziya günlərinin yenidən bərpa olunması ölkənin regionlarında mədəni dəyərlərin təbliği məqsədini daşıyacaq. Şuşada uzun illərdən sonra böyük tədbirlərin, festivalların keçirilməsi dünyanın diqqətini cəlb edəcək və regionun qısa müddətdə turizm mərkəzinə çevrilməsi üçün maddi-texniki bazanın yaradılması əsas prioritet məsələyə çevriləcək.
Xəbəri paylaş