Newscenter.az.19.01.2021. 2020-ci ildə Xaçmaz KOB evində sahibkarlara 20 759 xidmət göstərilib.
Bu barədə Newscenter.az-a İqtisadiyyat Nazirliyi yanında Kiçil və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.
Məlumata görə, bu xidmətlərin 95 %-ni dövlət-biznes (“G2B”), 5 %-ni isə biznes-biznes (“B2B”) xidmətləri təşkil edib. Göstərilmiş xidmətlərdən 4 975-i (24 %) sənəd qəbulu, 14 210-u (68 %) hazır sənədin əldə edilməsi və 1 574-ü (8 %) məlumat xarakterlidir.
“G2B” xidmətlərin 70 %-ni İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (13 752 xidmət), 20,5 %-ni Dövlət Vergi Xidməti (4 034 xidmət), 2,2 %-ni Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi (441 xidmət), 2,1 %-ni Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC (404 xidmət), 1,4 %-ni Əmlak Məsələləri Dövlət Xidməti (268 xidmət) göstərib.
KOB evinə müraciət etmiş sahibkarlar “B2B” xidmətlər üzrə daha çox “Azercell Telekom” MMC, "Azərbaycan Beynəlxalq Bankı", "Kapital Bank", "Rabitəbank", "Prior Leasing" ASC-lərin xidmətlərindən istifadə ediblər.
Hazırda sahibkarların KOB evinin xidmətlərindən məmnunluq göstəricisi 98 %-dir. Xaçmaz KOB evinin sahibkarlara göstərdiyi xidmətlərdən məmnunluq səviyyəsi elektron sistem vasitəsilə, hər bir xidmət üzrə yerindəcə ölçülür.
Pandemiya ilə əlaqədar növbə sıxlığının aradan qaldırılması, vətəndaşlar arasında təmasın minimuma endirilməsi, eləcə də vaxt itkisinin qarşının alınması məqsədilə 2020-ci ildə Xaçmaz KOB evinə müraciət edən sahibkarlar üçün onlayn növbə sisteminin (KOB növbə) tətbiqinə başlanılıb.
KOBİA-nın strukturuna daxil olan Xaçmaz KOB evi 2020-ci ilin fevral ayında fəaliyyətə başlayıb. Burada sahibkarlara İqtisadiyyat Nazirliyi və onun qurumları (Dövlət Vergi Xidməti, Əmlak Məsələləri Dövlət Xidməti, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Sahibkarlığın İnkişafı Fondu, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondun - AZPROMO), Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Gömrük Komitəsi, Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Reklam Agentliyi, "Azərpoçt", "Azəriqaz", "Azərsu" və "Azərişıq" ASC-lər və s. qurumlar 150-yə yaxın “G2B” xidmətləri, bank, sığorta, lizinq, broker kimi özəl təşkilatlar isə 100-ə qədər zəruri “B2B” xidmətləri göstərir. Xaçmaz KOB evinin əsas üstünlüyü sahibkarlara xidmətlərin vahid məkanda göstərilməsi, iş adamlarının vaxta və xərclərinə qənaət etməsi, xidmətlərin şəffaf və operativ təşkili, xidmət səviyyəsinin ölçüləbilən olmasıdır. Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlar heç bir quruma getmədən sahibkarlıq fəaliyyəti ilə bağlı xidmətlər üçün Xaçmaz KOB evinə müraciət edə bilərlər.
Yaxın vaxtlarda Yevlax şəhərində də KOB evi fəaliyyətə başlayacaq. Bakı şəhərində isə KOB evinin yaradılması istiqamətində müvafiq işlər aparılır.
Sevinc