Newscenter.az.20.01.2021. 31 il bundan əvvəl xalqımız şaxtalı qış gecəsində tarixin ən amansız və dəhşətli faciəsini yaşadı. Milli azadlıq ruhu ilə küçələrə çıxmış vətənpərvər cəsur, əliyalın soydaşımız faşist və cani Qorbaçovun əmri ilə sovet qoşunları tərəfindən xüsusi amansızlıqla qətlə yetirildi.
20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, ancaq təkcə faciə deyil, xalqımızın qəhrəmanlıq səlnaməsidir. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi. Uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.
Həmin tarixi heç kim unutmayıb. Azərbaycan xalqına xəyanət edən o dövrki rəhbərlərin, Vəzirovun satqınlığının, yalançı və saxtakar "meydan siyasətçilərinin", "liderlərin" xalqa xəyanətləri də
məlum qanlı gecənin baş verməsində az rol oynamadı. Hadisədən sonra onların çoxu qorxub gizləndi, sovet imperiyasının bu mənfur cinayətinə etiraz edə bilmədilər.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev həmin hadisələr zamanı Qorbaçov rejiminə qarşı sərt çıxış edərək SSRİ rəhbərliyinin cinayətkar əməllərini cəsarətlə dünyaya bəyan etdi. Heydər Əliyev Mixail Qorbaçovun və onun əlaltılarının istənilən an ona qarşı təxribat törədə biləcəyinə baxmayaraq öz həyatını təhlükə altına ataraq 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəldi və orada sovet ordusunun Bakıda dinc əhaliyə qarşı törətdiyi vəhşi aksiya ilə bağlı mətbuat konfransı keçirdi. Moskvadan Azərbaycan rəhbərliyinə və xalqa göndərdiyi teleqramda 20 Yanvar hadisəsini “SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı antidemokratik, qanunazidd və düşünülmüş aksiyası” kimi qiymətləndirdi.
Azərbaycan o vaxtkı rəhbərliyinin cəsarətsiz və qorxaq siyasəti, kölə psixologiyası üzündən 20 Yanvar nəinki beynəlxalq, hətta ittifaq müstəvisində də layiq olduğu hüquqi-siyasi qiyməti almamışdı.
Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra bu məsələ yenidən gündəmə gəldi, 20 Yanvar hadisələrini lazımınca qiymətləndirmək yolunda ciddi addımlar atıldı. 1990-cı il noyabrın 21-də böyük siyasi xadim Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsi ilə bağlı tarixi qərar qəbul etdi. Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ilk olaraq Şəhidlər Xiyabanını ziyarət etdi. Məhz ulu öndərin sərəncamı ilə 20 Yanvar ümumxalq hüzn günü elan olundu.
Ulu öndərin birbaşa rəhbərliyi ilə 20 Yanvar hadisələrinin siyasi və hüquqi tədqiqi aparıldı. Milli Məclis tərəfindən 1994-cü il martın 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edildi və beləliklə, 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi.
20 Yanvar faciəsi qurbanlarının, müharibə veteranlarının, əlillərin problemlərinin dövlət səviyyəsində həlli mühüm vəzifələrdən biri kimi qarşıya qoyulub. Prezident İlham Əliyev Şəhidlərinin əziz xatirəsinə ehtiramını, sonsuz məhəbbətini hər zaman ən yüksək səviyyədə nümayiş etdirir. Dövlət başçısının şəhid ailələri ilə keçirilən görüşləri bu dogma münasibətin təntənəsidir. 2006-cı il yanvarın 19-da ölkə başçısının fərmanı ilə 20 Yanvar şəhidlərinin ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın şəhid ailələrinə, əlillərə olan yüksək diqqət və qayğısı, problemlərinə həssaslıqla yanaşmsı şəhidlərimizin ruhuna olan sonsuz ehtiramın, onların ailələrinə dərin məhhəbətin ifadəsidir.
20 Yanvar Zəfərə gedən müqəddəs Yolun başlanğıcıdır. 20 Yanvardan başlayan Milli həmrəyliyimiz, Birliyimiz ötən illərdə daha da möhkəmləndi, bütövləşdi və Azərbaycan Xaqlının Dəmir Yumruq kimi birləşməsi Yenilməz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz tərəfindən Qarabağın Ermənistanın işğalından azad edilməsinə səbəb oldu. Azərbaycan ərazi bütövlüyünü təmin etdi. Allah bütün şəhidlərimizə rəhmət etsin, Tanrı Azərbaycanı, Türkü qorusun!
Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor