Newscenter.az.20.01.2021. İsveçin paytaxtı Stokholm şəhərində 20 Yanvar faciəsinin növbəti ildönümü ilə bağlı tədbir keçirilib.
Newscenter.az-a daxil olan xəbərə görə, hər il ənənəvi keçirilən tədbir bu il də Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunub, 20 Yanvar və Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə iştirak edən həmvətənlərimiz xalqımızın qəhrəmanlıqla qazandığı azadlığımız uğrunda mübarizəsini, ümumxalq birliyini , 31 il öncə Azərbaycan xalqının öz azadlığı, toxunulmazlığı uğrunda apardığı mübarizə dolu bir gecədə yaşanılan dəhşətləri, acı fəryadları tədbir iştirakçılarının diqqətinə çatdırıblar.
Bildirilib ki, 20 Yanvar xalqımızın yaddaşına, müstəqillik tarixinə qanla yazılmış bir səhifədir. Çıxışlarda 20 Yanvar faciəsi və xalqımıza qarşı törədilmiş digər ağır cinayətlərin dünya ictimaiyyəti və beynəlxalq qurumlar tərəfindən tanınması və ona insanlıq əleyhinə cinayət kimi siyasi-hüquqi qiymətin verilməsi, günahkarların cəzalandırılması istiqamətində Azərbaycan dövlətinin apardığı uğurlu xarici siyasətin əhəmiyyəti xüsusi vurğulanıb. Qeyd edilib ki, xalqımızın milli birliyinə mühüm təkan verən və Azərbaycan tarixinin şanlı səhifələrindən biri olan 20 Yanvar şəhidlərinin xatirəsi daim qəlblərimizdə yaşayacaq.
NEWSCENTER.AZ