Newscenter.az.21.01.2021. Ümumi və sağlam siyasi düşüncə ilə vurub çıxanda, Rusiya və onun rəhbərliyinin Azərbaycanla davranışı son dövrlər, xüsusən də bu son, postmüharibə ayları ziyanlı deyil və hətta müəyyən qədər xeyirlidir. Gedişat, proseslər, Rusiyanın Azərbaycan-Türkiyə birliyi ilə geniş əməkdaşlıq planları, nəticə perspektivi bunu göstərir. Fərq etmir, bu səpkini cənab Putin ürəkdən, ya Qarabağ oyununa girmə səhvindən, yoxsa zaman və şəraitin məcburiyyətindənmi edir.
Biz də, Azərbaycanımızın, dövlətimizin mənafeyinə uyğun, Rusiyaya münasibətdə və yazılarımızda təbii ki, bunu nəzərə alırıq. Amma təhlil, araşdırmaya varıb elə ancaq yaxın tarixi götürsək, Rusiyanı sərt qınaq və ifşalar üçün, õlkəmizə ziyanlı səbəb və əsaslar yetərincədir.
Və bu gün Rusiyanın, Moskvanın başı qlobal qalmaqalda olduğu, onun əksinə cərəyan edən dalbadal hadisələr baş verdiyi, bütün dünyanın nəzərinin ona yönəlib, ondan danışdığı üçün biz də müəyyən təhqiqat təhlilimizlə nəsə yazaq.
Doğurdan, Yeltsin hakimiyyətinin son dövrünə bənzər bərk sıxıntıdadır Rusiya. Kəskin rəqibləri ABŞ və Britaniyadan, loyal rəqibləri Avropa və Almaniyadan, işğala məruz qoyduğu Ukrayna və Gürcüstandan belə tutmuş, dost bilib kömək və himayə etdiyi ermənilər və belaruslara, orta (əslində oyun) mövqeyi tutduğu Azərbaycan və Orta Asiyaya kimi, demək olar, hamının xorla qınaq, qəzəb hədəfinə çevrilib Rusiya. Niyə indi, niyə əvvəl yox və niyə hamının?
Çünki, illərlə hamını incidib, basıb əzib, təhdid və təzyiqlə gün verib işıq verməyən və hamının boğaza yığılsa da, baş qoşmaq istəmədiyi "ayı" bu gün büdrəyib. Qocalıbmı, cismən ya ruhən sönüb zəifləyib, başını itiribmi fərq etmir, hamı bu büdrəyişi yaxşı görür, hiss edir, addım atır.
Nədən büdrəyib? Əslində Rusiya imperiya olaraq çoxdan sönüb, çar dövrü, 1917-də. Ona süni nəfəs verib yaşadan bolşevik, kommunist inqilabı, sovet hakimiyyəti, xüsusən Stalin, Brejnev kimi "politbürolu" şəxsiyyətlər oldu 70 il. Sovetlərdən sonra, əsasən Putindir reanimasiya edərək yaşadan bu, çoxdan sönmüş ölkəni, cəmiyyəti. Yəni, bu ölkə daima güclü şəxsiyyətlər və onların hakimiyyətləri üzərində ayaqdadır. Çar, baş katib, prezident gedir, ya zəifləyir və ölkə silkələnir dağılma qədər.
Görünür, Putin də zəifləyib artıq, cismən və ruhən də həminki Putin deyil. Zəiflədiyi üçün də, əvvəlki kimi effektli, çevik və qəti qərarlar qəbul edə, addım ata bilmir. Qərar verən beyin yorulub yəqin ki, bu qədər böyük, dağınıq, çətin ölkə-yükün altında. Bu eniş isə onda təxminən 2012-ci ildən başlayıb. Başladığı andan da, verdiyi qərarlar səhv, məntiqsizdir və özünə, hakimiyyətinə, ölkəsinə ziyan gətirir.
Bilirsiniz, insanda elə bir fiziki ruhi enerji yüksəlişi dövrü olur ki, nə qərar qəbul edirsə tutarlı xeyirli olur, hətta götür-qoysuz, qəfil intuitiv verdiyi qərar. Elə də eniş durumunda ola bilir ki, nə etsə, ziyan verir, özünü də endirib bitirmə yönlü. İnsan, psixoloji yüksəlişində hamı ilə dostlaşır və eniş durumunda hamı ilə dalaşır münasibətləri pozub öz üstünə qaldırır. Bu gün Rusiya bütün qonşularla çəkişmədədir. Putinin yanlış durumu bütün hakimiyyətə keçir, onun seqmentləri də o cür, səhv addımlar atır.
2012-dən, Medvedyevdən prezidentliyi geri alandan Putinin demək olar, bütün addımları yanlış olub, "yandırıb" onu. Əslində, həmin 4 il prezidentliyi Medvedyevə verdiyi dövr onda psixoloji "srıv", eniş baş vermişdi artıq. Və 2012-də yenidən, prezidentliyə qayıdışı vaxtı xalq qarşısında çıxışında uşaq kimi ağlayıb, hıçqırıb deyəndə: "mən artıq qayıtdım, ura!", onda bildim ki, bu adam baş nazir olan həmin dövr bütün xeyli səlahiyyətlər, güc nazirlikləri onun ixtiyarında olsa belə, xeyli qəribsəyib və bu 4 prezidentsizlik ilində psixoloji sarsıntı keçirib, məntiqin itkisi və real həyatdan uzaqlaşma ilə. Cismindəki, 2010-dan başlayan, çox ciddi tibbi problemi məsələsinə isə toxunmayaq.
Səhvlər, effektsiz, uğursuz addımlar məhz ardıcılliqla getdi, ondan sonra, həm özündə, həm onun hakimiyyət orqanlarında, yanlışlı. Qonşusu, qardaşı Ukrayna ilə Krım, Donbas yersiz düşmənçiliyi, Krıma qoyulan böyük havayı xərclər, dəniz üzərindən körpü. Suriyaya boş müdaxilə, orada Ərdoğanla təmas və bu təmaslardan ardıcıl olaraq ona, Liviya və sair kimi bütün regional proseslərdə uduzması.
Putinin hakimiyyəti və xüsusi xidmət orqanlarının 2012-ci ildən bəri keçirtdiyi bütün əməliyyatlar da, Putinin özünə ziyanlı iflasdır. Götürək, 2014-də Soçidə olimpiadada FTX (FSB)-in keçirtdiyi biabırçı dopinq saxtakarlığı, gecə ambarda analiz nümunələri dəyişdirmə əməliyyatını. Bu məsləyə görə Rusiyanı heç bir olimpiada, ya beynəlxalq yarışlara buraxmırlar.
Götürək, Britaniyada ata və qız Skripallara, yaxud, Moskvada Kremlın yaxınlığında Boris Nemtsova qarşı kobud və dünyanı da Putinə qarşı qoyan hadisələri (detallara varmıram). Ukrayna, Donbas üzərində 298 sərnişinli mülki təyyarənin hərbi bombardmançı hesab edib vurulması, indi də Avropa məhkəməsi Rusiyanı böyük, on milyardlarla məbləğdə cəzalandırıb.
Elə, Baltik dənizinin altı ilə milyardlarla maya qoyaraq Almaniyaya 2 min km.lik ikili qaz boru xətti çəkdirməsi. Sual olunur. Bu bahalı borunu Avropaya çəkib ildə 55 milyard kub/m qaz satıb pul qazanmaq istəyi varsa, bu nə hərəkətlərdir pul qazanacağın yeri kobudlamaq, ona meydan oxumaq? Odur, çəkilişin sonuna az qalmış, ABŞ bu, "Şimal Axını 2" layihəsinə sanksiya qoydu. Almaniya tərəddüd edirdi, ancaq, Aleksey Navalnıy hadisəsindən sonra o da imtina edir Rusiya qazından.
Navalnıy məsələsi özü, qəribə biyabırçılıqdır. Zəhərlənməsindən tutumuş, Berlinə ölümcül aparılması, Moskvaya qayıdışı və həbsinə qədər kobud, rabitəsiz, səbatsız hakimiyyət və xidmət orqanlarının defektli addımları. Navalnıy məsələsinə görə də Baydenin gəlişi ilə təzyiq xeyli arta bilər ABŞ, Qərb tərəfdən. Bu tərəfdən də Rusiyanın çõkən iqtisadiyyatı, sosial gərginlik, əhalinin etirazı.
Bir deyil, iki deyil, Rusiya lideri, hakimiyyətinin səhv, enişli addımları. Sanki əvvəlki tutarlı Putin deyil, enerjisi, psixoloji qüvvəsi çatmır, heç yığışdıra bilmir komandasını, mərkəzdənqaçma gedir. Bir ara, ötən il bu vaxt, həkimlərin, psixoloqların məsləhəti və öz anlamı ilə, Nazarbayev kimi xüsusi səlahiyyətli Dövlət Şurası təşkil edib sədr keçib prezidentlik, idarəçiliyi təhvil vermək istəyirdi. Və bu prosesin gedişində qəfil fikrini dəyişdi. Ya etibar etmədi, ya Medvedyevə 2008-də 4 il təhvil verdiyi kimi, prezidentsizlikdə yeni bir sarsıntı keçirə biləcəyindən çəkindi.
Və bu yanlışlar bu qədər ardıcıl "özünü yandırıcı", ziyanlı baş verəndə insanın artıq, öz, qərar vermə düzgünlüyünə şübhəsi, daxili qorxusu yaranır, öz beyni, düşüncə və qərarına əminlik, qətiyyəti itir. Və bunun da nəticəsi olaraq, ona mənfi tərəddüd hissi hakim kəsilir hər addımı, qərarında. Tərəddüd isə, belə deyim var, insanı şeytana yaxınlaşdırır. Bundan sonra bütün əməkdaşlıq, dostluq qərarları oyuna çevrilir. Və bütün münasibətləri qarşı tərəfi üzücü, yorucu, sözü, əməli ötərgi və razılaşma, anlaşması da sürüşkən olur. Qarşı tərəfi də, haldan çıxardan.
Ancaq, Putinin son 10 ildəki ən böyük yanlışı mən deyərdim ki, son Qarabağ məsələsində oldu, 2020-də Tovuzdan başlayaraq. Qarabağ münaqişəsindən yararlanaraq Azərbaycan və Ermənistanı öz təsirinə keçirtmək istədi, addımları qarışıq, hesab və tədbiriləri yanlış oldu, reallığını itirmiş təfəkkürün istehsalı olaraq və nəticədə hər iki ölkəni birdən itirdi.
Xüsusən də, Azərbaycan-Türkiyə, Ìlham Əliyev-Təyyub Ərdoğan birlik, qardaşlığı sipər oldu ilk dəfə olaraq Rusiyanın, Putinin Cənubi Qafqaz hegemonluğüna qarşı. İndi də, Qarabağda halını itirmiş "ağsaqqal" barışdırıcı vasitəçi rolunda qalıb, görüntü, imic qoruma xarakterli. İrəvandan da erməni yığıb gətirir ki: gəlin sizə, yemək-içmək verim, qayğı gõstərim qalın ki, müvəqqəti də olsa, sülhməramlıya ehtiyac bilinsin. Ermənilər də bic millət, təbii ki, bilirlər bu oyundur. inanmırlar, 30 il onlara "Qarabağ sizindir gõtürün" deyən onları gətirib faciəyə saldısa, indi Qarabağı necə verəcək onlara?! Sadəcə baş girələmək...
Bax belə. Dünyada əbədi, tükənməz heç nə yoxdur, hər şeyin sonu var. İmperiyaların da qürubu var. Ìmperiya sahiblərinin enerjisinin, gücünün də.
Ancaq, doğrusu mən vətən Azərbaycanımız, dövlətimizin mənafeyi və marağından bu gün Putin, Rusiya ilə əməkdaşlıq tərəfdarıyam, bərabər hüquqlu. Həyatında nə günahı varsa özü öz əməlinə cavabdehdir taleyi qarşısında, bizdən də aralı. Bizə qonşularla münasibətlər lazımdır. Ona görə, bu yazıda mətləblər üzərindən tezislər formasında səthi keçdik.
İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri