Newscenter.az.22.01.2021. Bu həll ölkəmizin istənilən yerindən namizədlərin iş elanlarına evdən çıxmadan müraciətinə və növbəti mərhələlərdə onlayn rejimdə iştirakına geniş imkanlar yaradır
Newscenter.az-a daxil olan məlumata görə, “Azərbaycan Dəmir Yolları” QSC (ADY) işə qəbul prosesini tamamilə məsafədən rejimə keçirib. Namizədlər arasında aparılan müsabiqənin hər üç mərhələsi – ilkin seçim, testləşdirmə və müsahibə – məsafədən həyata keçirilir.
ADY-də işə qəbul prosesinin daha da şəffaflaşdırılması və optimallaşdırılması, namizədlərin daha rahat şəkildə vakansiyalara müraciət etməsi və müsabiqədə iştirak etməsi məqsədilə şəxsi kabinet, minlərlə test sualından ibarət baza və stasionar elektron test mərkəzi, daha sonra isə mobil elektron test sistemi istifadəyə verilib. Bu stasionar test mərkəzi və mobil test sistemi sayəsində Bakı və ətraf bölgələrlə yanaşı ölkəmizin digər ərazilərində yaşayan vətəndaşlar da paytaxta gəlmədən işə qəbul müsabiqəsinin test mərhələsində iştirak edə bilirlər. Bu mərhələni uğurla keçən namizədlər müsahibələrdə də onlayn şəkildə iştirak edə bilirlər.
ADY-nin rəsmi saytının “Karyera” bölməsində (career.ady.az) işə qəbul prosesi haqqında bütün məlumatları əldə etmək, cari vakansiyalarla tanış olmaq və onlara müraciət edib müsabiqədə iştirak etmək mümkündür.
ADY-nin İnsan resursları idarəsinin rəisi Tural Məmmədov məsələni şərh edərək qeyd etdi: “Azərbaycan Dəmir Yolları” QSC-nin digər sahələrində olduğu kimi insan resursları idarəçiliyi sahəsində də davamlı islahatlar aparılır. İnsan resursları idarəsi ADY-nin digər strukturları kimi karantin dövründə öz fəaliyyətini mövcud vəziyyətin tələblərinə uyğunlaşdırmaqla məsafədən işləmə rejiminə üstünlük verərək, daxili işlərlə yanaşı namizədlərlə və işçilərlə olan əlaqələri də elektron və onlayn qaydada tənzimləməkdədir. ADY-də işə qəbul prosesi ilə yanaşı digər insan resursları idarəçiliyi funksiyalarının da onlayn tətbiqinə başlanılmış və uğurla davam etdirilməkdədir. Məsələn, işçilərin sahə üzrə biliklərinin qiymətləndirilməsi, təlimlərin təşkili prosesləri də onlayn şəkildə icra edilməkdədir”.
İşə qəbul sahəsində başlıca məqsəd gələcək karyerasını “Azərbaycan Dəmir Yolları” QSC-də qurmaq istəyən namizədlərə bilik və bacarıqlarını nümayiş etdirmələri üçün bərabər şərait yaratmaq, müsabiqələrdə şəffaflığı, aşkarlığı və obyektivliyi təmin etməkdir. ADY vətəndaşların Cəmiyyətin əməkdaşı olmaq arzusunu yüksək qiymətləndirir və bu yolda onlara uğurlar arzu edir.
Sevinc