Newscenter.az.23.01.2021. Ermənistan parlamentinin deputatı Naira Zohrabyanın və xarici işlər naziri Ara Ayvazyanın əsl erməni həyasızlığına sadiq qalaraq Şuşanı itirmədən müharibəni bitirməyin mümkünlüyü haqda və Şuşanın guya "ermənilərin mədəniyyət mərkəzi" olması barədə cəfəng xülyaları, məkrli iddiaları gündəmə gətirib, bununla Paşinyanın üzərinə getmələri həm Ermənistanın mövcud siyasi durumunun xaos halında olduğunu, həm də revanşist meyllərin get-gedə daha da genişləndiyini göstərir. Paşinyandan fərqli olaraq istər onun öz komanda üzvlərindən bəziləri (xüsusən də Ara Ayvazyan), həm də erməni müxalifəti Ermənistanın 44 günlük müharibədəki məğlubiyyət faktı ilə barışmaq istəmir, 10 noyabr Bəyanatını təftiş etməyə, bəzi müddəaları öz xeyirlərinə dəyişməyə çalışırlar.
30 ilə yaxın davam edən işğal dönəmində Şuşanı zorla "erməniləşdirməyə" çalışan erməni hökumətləri və siyasi qüvvələri indi bu şəhərin işğaldan azad edilməsi və öz tarixi sahiblərinə geri qaytarılması faktını heç cürə həzm edə bilmirlər. Çünki həqiqətləri və faktları daim saxtalaşdırmağa vərdiş etmiş erməni psixologiyası, erməni təfəkkür tərzi əsl həqiqəti qəbul etməyə hazır deyil.
Amma Ara Ayvazyana, Naira Zöhrabyana və Vazgen Manukyan başda olmaqla bütün Ermənistan müxalifətinə məsləhət görürük ki, onlar ağıllı olsunlar, revanşist çağırışlardan əl çəksinlər, konstruktiv mövqeyə keçsinlər və Şuşanın Azərbaycan şəhəri olduğunu etiraf edən Paşinyandan nümunə götürsünlər. Davakar ermənilərdən fərqli olaraq Paşinyan etiraf edir ki, “Müzakirə prosesinin bütün dövrü ərzində azərbaycanlı qaçqınların Şuşaya qayıtmasını nəzərdə tutmayan bir seçim yox idi. Bundan əlavə, birinci müharibəyə qədər Şuşa əhalisinin 90%-i azərbaycanlılar idi. Yəni, siz demək istəyirsiniz ki, əhalisinin 90%- dən çoxu azərbaycanlı olan Şuşa ermənilərə aiddir?”.
Məncə, Paşinyanın bu sual-həqiqətini hər bir erməni öz qulağında sırğa edib, yadda saxlamalıdır. Paşinyanın bu açıqlaması, bu etirafı bütün ermənilər üçün "yol xəritəsi"nə çevrilməlidir. Onlar nəhayət ki, birdəfəlik dərk etməlidirlər ki, nəinki Şuşa, bütün Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Ermənilər bu reallıqla barışıb öz absurd iddialarından, işğalçı-terrorçu vərdişlərindən əl çəksələr, tezliklə bütün Cənubi Qafqazda sülh bərqərar olacaq və Ermənistan da normal bir ölkəyə çevrilmək üçün şans əldə edəcək.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri