Newscenter.az.23.01.2021[/b]. Rusiyada gərgin proseslərin getməsi görüntüsü var. Ancaq baş verənlər mahiyyət və məzmuna görə real gərginlik deyil. Sadəcə görüntülərdir və hansısa fors-major hal olmasa, heç bir dəyişikliyə səbəb olmayacaq. Bunun bir sıra əsaslı səbəbləri var.
İlk öncə Rusiya çox azsaylı dövlətlərdəndir ki, orada kənardan real müdaxilə olmadan inqilab və hətta hakimiyyət dəyişikliyi belə baş verə bilməz. Rusiya tarixindəki inqilabların təcrübəsi də bunu açıq deyir. Hazırki proseslərdə Qərbin rolunun olduğunu düşünmürəm. Ola bilər bəzi quvvələrin təsiri var, ancaq ümumilikdə dünya güclərinin tam və birmənalı mövqeyi yoxdur. Tam əksinə, bu prosesdə Çin maraqlıdır.
ABŞ-ın yeni prezidenti Baydenin hədəfdə olan dövlətlərlə bağlı mesajına gələndə isə, unutmayaq ki, Qərb, xüsusilə də ABŞ heç vaxt real hədəflərini dəqiq göstərmir. A-nı göstərib B-ni hədəfə alır. Ən yaxşı halda, reallıq tam ortada olarsa, A ilə B-ni göstərib hansının əsas hədəfdə olması ilə bağlı mümkün qədər iz azdırmağa çalışırlar.
Daha sonra, prosesləri real izləsək, açıq görərik ki, ABŞ-ı və onun müttəfiqlərini ən çox narahat edən dünyanın istehsal maşını olan və hərtərəfli, xüsusilə də, iqtisadi baxımdan sürətlə inkişaf edən Çindir. Rusiyada inqilab edib, Navalnı kimi təcrübəsiz və idarəetmə bacarığı olmayan şəxsin hakimiyyətə gətirilməsi Rusiyanın parçalanmasına səbəb olacaq. Çünki, Rusiyadakı oliqarx məmurlar və hər biri bir dövlət rəhbərinə bərabər qubernatorlar Navalnı kimi birinə heç vaxt tabeçilik göstərməyəcəklər. Bunu hamı ilə yanaşı, V.Putin də bilir.
Onu da bilirlər ki, Rusiya boyda böyük və yağlı tikəni zərərsizləşdirib Çin kimi təhlükəli və nəhəng əjdahanın qarşısına atmaq Çinə dünyanın yeni supergücü statusunu verməkdir. Dahi Napoleonun hələ XIX əsrin əvvəllərində adlandırdığı “Yatmış Nəhəng” də həmin anı səbrsizliklə gözləyir.
Digər tərəfdən, bu olayları Belorusiyadakı hadisələrlə eyniləşdirənlər də var. Bu bənzətməni də qüsurlu hesab edirəm. Çünki, Belorusiyada gərginliyin yaranmasını şərtləndirən konkret siyasi hadisə - prezident seçkiləri baş vermişdi. Ancaq yenə də, nəticəsiz başa çatdı. Ən az hələ ki.
Rusiyada isə hazırda heç bir analoji proses olmadan bu hadisələrin baş verməsinin özü də, bunun sadəcə görüntü xarakterli olduğuna dəlalət edən amildir. Əksinə, hesab edirəm ki, V.Putin bu prosesdən öz xeyrinə istifadə edib müəyyən təmizləmələr apara bilər.
Bu səbəblərdən də, Rusiyada baş verən proseslərin inqilab kimi qiymətləndirilməsini yanlış və tələskənlik hesab edirəm. Müəyyən proseslər baş verir və məhdudlaşdırılmış konkret hədlərə qədər baş verəcək bu hadisələrin ciddi nəticə verəcəyini düşünmürəm. Hər bir halda siyasətdə bərmənalı proqnozlar vermək həmişə uğurlu alınmır və baş verənlərin nəticələrini yaşayıb görərik.
[b]Xəyal Bəşirov-siyasi şərhçi