Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xəyal Bəşirov yazır: İran Azərbaycanı təbrik etmək üçün nəyi gözləyirdi?



Newscenter.az.27.01.2021. Düşünürəm ki, İranın baş verən müharibə zamanı və ya dərhal müharibədən sonra deyil, indiki məqamda bu cür aktivlik göstərməsinin bir sıra mühüm əsasları var.

Yadınızdadırsa, müharibədən sonra Prezident İlham Əliyevin Füzuli və Cəbrayıla səfəri zamanı Xudafərin körpüsü yaxınlığından İranla aramızdakı sərhədə işarə edərək onu “dostluq sərhədi” adlandırması bir sıra istiqamətlərdə, o cümlədən də, cənub qonşumuza yönəlmiş ciddi mesaj idi.

Daha sonra, Azərbaycan müharibə yolu ilə öz ərazilərini işğaldan azad edərək regionda yeni reallıq ortaya qoymaqla bölgədəki əsas münaqişənin sonunun əsasını qoyduğunu bütün dünyaya isbat etdi. Bundan sonra dövlət başçısı regionda 6 tərəfli əməkdaşlıq üçün çox münbit şəraitin yarandığını da dəfələrlə çıxışlarında qeyd edib. Bu, Azərbaycanın region ölkələrinə çox əhəmiyyətli təklifi idi və könüllülük xarakteri daşıyırdı.

Onu da nəzərə almaq lazımdır ki, pandemiya ili bütün dünyanın, o cümlədən də, region ölkələrinin iqtisadiyyatına sarsıdıcı zərbə vurdu. Bu səbəbdən də, postpandemiya dövrünə daxil olduğumuz bir ərəfədə regionumuzda iqtisadi proseslərin canlanmasına imkan verəcək hadisələrin baş verməsi əksər qonşularımızın diqqətini cəlb etməkdədir. Naxçıvana nəqliyyat dəhlizinin açılması prosesinin gündəmdə olmasının və Xəzərdə Azərbaycanla Türkmənistan arasındakı uzun illər soyuq küləklərin əsməsinə səbəb olan yataqla bağlı problemin dostcasına həllinin də, bu prosesə müsbət təsir göstərdiyini düşünürəm.

Artıq cənub qonşumuz gördü ki, baş verən proseslər müsbət istiqamətdə onlarsız da getməkdədir. Onların bu prosesə qoşulmaması prosesdə iştirak edən digər dövlətlər üçün elə bir əhəmiyyətli problem yaratmasa da, onun özünü böyük gəlirlərdən məhrum edəcəkdir. Məhz bu səbəbdən də, sürətlə axmaqda olan çayın axınına qarşı deyil, çayın axını boyunca üzməyə qərar verdi.

Baş verən proseslərin şimal-cənub və şərq-qərb nəqliyyat dəhlizlərinin perspektivləri baxımından da çox böyük əhəmiyyəti vardır. İranın bu prosesdən kənarda qalması, onu bu strateji dəhlizlərin qovşağındakı iştirakından da məhrum edə bilər.

ABŞ-da yeni idarəçiliyin formalaşması və onların İranla bağlı növbəti dövrlərə aid siyasətinin hələ ki, qeyri-müəyyən olması da cənub qonşumuzu narahat edən ciddi məqamlardandır. Elə buna görə də, İran rəhbərliyi ən az bu siyasət tam şəkildə müəyyənləşənə qədər regionda baş verən müsbət dəyişikliklərdə rol almaq niyyətindədir.

Xəyal Bəşirov-siyasi şərhçi
Xəbəri paylaş