Newscenter.az.28.01.2021. “Şuşada qeydiyyatdan keçmiş 210 abidənin 142-si Şuşa Tarix və Mədəniyyət Qoruğunun payına düşür”.
Bunu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsini icra edən Azad Cəfərli deyib.
O bildirib ki, həmin abidələrin hamısı bərpa ediləcək: "Biz bütün abidələri bərpa etmək əzmindəyik. Bilirsiz ki, həmin şəhərlərdə xüsusi ilə orta əsrlərə məxsus aura, mühit olub. O mühiti geri qaytarmaq üçün isə abidələrin ilkin simasına xələl gətirmədən, müvafiq templə və bərpa strategiyasına uyğun olaraq bərpa işləri aparılmalıdır. Ağdamda və digər şəhərlərdə şəhərsalma və infrastruktur layihələri çərçivəsində bu işi görəcəyik. Həmçinin açıq səma altında muzeylərin təsis olunmasını planlaşdırırıq".
A.Cəfərli qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə abidələrin monitorinqi və təftişi 4 istiqamət üzrə aparılır: "Bunlar tamamilə məhv edilmiş, dağıdılmış, vandalizmə məruz qalmış və erməniləşdirilmiş abidələr qruplarıdır. Bərpa prosesinin abidələrdən başlanılması ana xəttdir. Eyni zamanda mədəniyyət kvartallarının yaradılması nəzərdə tutulub".