Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gömrük Akademiyası ixtisasartırma təlimlərini onlayn davam etdirir



Newscenter.az.29.01.2021. Dövlət Gömrük Komitəsi sisteminə daxil olan gömrük orqanlarının vəzifəli şəxslərinin peşə və ixtisas biliklərini artırmaq, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsini təmin etmək məqsədilə gömrük orqanlarının vəzifəli şəxsləri üçün xidmətə ilkin hazırlıq təlimlərinin davam etdirilməsi haqqında Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev müvafiq sərəncam imzalayıb.

Newscenter.az-a təhsil ocağından bildirilib ki, DGK sədrinin "Gömrük orqanlarının vəzifəli şəxsləri üçün ixtisasartırma təlimlərinin keçirilməsi haqqında" müvafiq sərəncamına əsasən təlimlər 25 yanvar - 16 fevral 2021-ci il tarixlərində xüsusi karantin rejimi nəzərə alınaraq onlayn formada davam etdirilir. Bununla yanaşı, gömrük orqanlarının qarşısında qoyulmuş vəzifələrin icrası çərçivəsində gömrük orqanlarının əməkdaşlarına yeni biliklərin verilməsi, bacarıqların və səriştələrin aşılanmasını təmin etmək məqsədilə Komitə sədrinin sərəncamı ilə Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin strukturuna daxil olan şöbələrin əməkdaşları üçün 26-28 yanvar 2021-ci il tarixlərində "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları" üzrə onlayn formada ixtisasartırma təlimləri keçirilib.

Dövlət Gömrük Komitəsinin Akademiyası tərəfindən təşkil olunan təlimlər müvafiq tədris proqramına uyğun olaraq təlim cədvəli əsasında aparılır. Gömrük rəsmiləşdirilməsi, gömrük qanunvericiliyi, Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi (VAİS) ilə iş, ticarətin asanlaşdırılması, gömrük orqanlarının hüquq-mühafizə fəaliyyəti və gömrük işinin digər fəaliyyət istiqamətlərini əhatə edən mövzular tədris olunur.

Təlimlərin onlayn təşkil olunması ilə əlaqədar olaraq mövcud təlim proqramlarının məzmununa müvafiq dəyişikliklər edilib.

R.Mehdiyeva
Xəbəri paylaş