Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Niyə bizdə korrupsiyanın kökü kəsilmir?



Newscenter.az.29.01.2021. Ölkədə uzun illərdir ki, korrupsiya və qanunsuzluqlarla mübarizə üçün müxtəlif addımlar atılır. Qanunlar qəbul edilir, proqramlar hazırlanır, sənədlər imzalanır və müxtəlif qurumlar yaradılır. Praktiki addımlar kimi korrupsiya ilə mübarizə məqsədilə çoxsaylı vəzifəli şəxslər vəzifələrindən azad edilir, cəzalandırlır və barələrində müxtəlif tədbirlər görülür. Bu qəbildən olan addımlar Prezident İham Əliyevin rəhbərliyi dövründə daha da gücləndirildi. Xüsusilə də, son prezident seçkilərindən sonra ölkədə aparılan çox geniş struktur və kadr islahatları da, məhz bu mübarizəyə xidmət edir.

Bəs niyə bu tədbirlərin gözlənilən nəticləri yoxdur? Niyə az qala sıralama ilə rayon icra hakimiyyətlərinin başçıları həbs edilir, ancaq bir çox digərləri bundan lazımi nəticə çıxarmır? Nə üçün bir çox nankor məmurlar hətta insanlara dövlət tərəfindən ayrılan yardımlara belə göz dikirlər? Nə zamana qədər ölkədə dövlətin və xalqın milyonlarla əmlakının qanunsuz olaraq talan edilməsi ilə bağlı mübarizə prosesinə, dövlət tərəfindən böyük miqdarda vəsaitlər ayrılacaq?

Subyektiv olaraq düşünürəm ki, bunun müxtəlif əsaslı səbəbləri var. İlk olaraq, bunun əsas səbəblərindən biri kimi Cinayət Məcələsinin Rüşvət vermə (aktiv rüşvətxorluq) adlı 312-ci maddəsinin geniş tətbiq olunmadığını hesab edirəm. Yəni, rüşvəti alanın məsuliyyətindən savayı, rüşvəti verən tərəfin də yaranmış məsuliyyəti ilə bağlı lazımi tədbir əsasən görülmür. Çünki, vəzifə səlahiyyətlərindən istifadə edib rüşvəti alan tərəfdə bir məmur iştirak edirsə, ona rüşvət verən digər tərəfdə çoxlu insanlar çıxış edir ki, onlar məsuliyyətdən kənarda qalır. Cəzanın məqsədlərindən bir də, digər şəxslərin eyni hallara yol vermələrinin qarşısının alınması olduğunu nəzərə almaq lazımdır.

Nəzərə alaq ki, biz bu dünyada əsas və ən mənfur düşmənimiz olan erməniləri sarsıdıcı məğlubiyyətə uğratdıq. Bu qələbəyə biz yalnız bir iradə və bir güc ətrafında dəmir yumruq kimi birləşərək nail olduq. Korrupsiya və rüşvətxorluq kimi heç də, az əhəmiyyətli olmayan problemə qarşı da bu birlik vacibdir. Prezident İlham Əliyevin özünün çağırışlarına uyğun olaraq bu məsələdə ümumi ictimai mövqe sərgiləməliyik. Rüşvəti verməkdən birmənalı imtina edərək, onu alanlara qarşı sərt və amansız mübarizədə dövlətimizin yanında olmalıyıq.

Yoxsa, cəmiyyətin ayrı-ayrı fərdləri öz şəxsi və ya digər problemlərilə bağlı yanlış addımlar atırlar. Yəni, özlərinin kiçik maraqlarına görə hansısa məmura rüşvət verib cinayətə yol verir və həmin məmurun da cinayətinə şərait yaradır. Bununla da, ümumilikdə cəmiyyətimizin və dövlətin əsas maraqları fərdi maraqlara qurban verilir. Düşünürəm ki, hazırda ölkə bütün fəaliyyətlərini şəxsi maraqlarına və mənafelərinə xidmət istiqamətində qurmuş köhnə məmur qvardiyasından təmizlənməkdədir. Belə bir mənzərənin fonunda, cəmiyyət olaraq hətta fərdi maraqlarımızı belə qurban verib, bu haqlı mübarizədə dövlətin yanında olmalıyıq! Çünki, yalnız bu yolla dövlətimizi və xalqımızı işıqlı gələcəyə aparan inkişafa nail ola bilərik!

Xəyal Bəşirov-siyasi şərhçi
Xəbəri paylaş