Newscenter.az.11.02.2021. 2021-2023-cü illəri əhatə edəcək növbəti Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə Gənc Səfirlərin seçim mərhələsinə başlanılıb.
Newscenter.az xəbər verir ki, məlumatı Gənclər və İdman Nazirliyi yayıb.
DİM üzrə Gənc Səfirlər:
Gənc Səfirlərin əsas məqsədi Dayanıqlı İnkişaf Məqsədlərini Azərbaycanda təbliğ etmək, DİM-lərə nail olmaqda gənclərin iştirakını təşviq etmək, yerli və milli səviyyədə atılan addımlar barədə əhalinin məlumatlandırılmasına və Milli Hesabatların hazırlanmasına töhfə verməkdir.
Gənc Səfirlər 14-29 yaşlı Azərbaycan Respublikası vətəndaşları arasından seçiləcək və 2 il müddətində fəaliyyət göstərəcəklər.
Gənc Səfirlərin sayı 17-dən çox ola bilməz: bir DİM üzrə yalnız 1 nəfər Gənc Səfir seçilə bilər.
Gənc Səfirlər könüllü əsaslarla fəaliyyət göstərəcəklər. Onların fəaliyyəti paytaxtı və Azərbaycanın müxtəlif regionlarını əhatə etməlidir.
Gənc Səfirlərin seçimi:
Ərizə qəbulu elan edildikdən və namizədlərin müraciətləri toplandıqdan sonra DİM üzrə Gənc Səfirlərin seçimi 2 mərhələdə həyata keçiriləcəkdir:
1. İlk olaraq işçi qrup nümayəndələri tərəfindən bütün müraciətlər araşdırılacaq və ilkin müsahibə keçirilərək namizədlərin qısa seçim siyahısı hazırlanacaqdır.
2. Daha sonra, Gənclər və İdman Nazirliyi, BMT İnkişaf Proqramı və Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının nümayəndlərindən ibarət heyət qısa seçim siyahısında olan namizədləri yekun müsahibə əsasında qiymətləndirib son seçim barədə qərar verəcək.
Seçilmiş DİM üzrə Gənc Səfirlərin fəaliyyəti layihə əməkdaşları tərəfindən əlaqələndiriləcək. Fəaliyyət müddətləri ərzində, DİM-lərin təbliği məqsədilə və tərəfdaşların dəstəyi ilə Gənc Səfirlərin kütləvi informasiya vasitələrində çıxışları, müxtəlif müəssisələrdə təqdimatları və təlimləri, regional, milli və beynəlxalq miqyaslı tədbirlərdə iştirakı və digər uyğun tədbirlərdə iştirakı nəzərdə tutulur.
Hər bir Gənc Səfir üçün meyarlar, tələblər və fəaliyyət istiqamətləri haqqında dolğun məlumata sahib olmaq üçün keçiddəki info-saytdan ətraflı məlumat əldə edə bilərsiniz.
Müraciət üçün son tarix 2 mart 2021-ci il, Bakı vaxtı ilə 23.59-dur.
Mehman