Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şurnuxuda Azərbaycan bayrağının ucaldılması Zəngəzura doğru gedən yolda ilk Qalibiyyət addımıdır



Newscenter.az.11.02.2021. Müzəffər Ali baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında aparılan 44 günlük Vətən Müharibəsi Şanlı Qələbə ilə başa çatdı. Müharibə bitdikdən sonra Ermənistanın son 30 ildə nəzarətində olmuş Azərbaycanın bir sıra tarixi yaşayış məskənlərinin demilitasiyası işlərinə başlaınıldı. Bu yaşayış məskənlərindən biri də Qubadlı rayonunun Şurnuxu kəndidir. Bu ilin yanvar ayının 4-də Şurnuxu kəndinin Azərbaycanın sərhədləri daxilinə düşən hissəsində, yəni 12 evin daxil olduğu hissədə üçrəngli Azərbaycan bayrağı ucaldıldı və yenidən Qubadlı rayonuna daxil edildi.

Azərbaycanın sözlə ifadəsi mümkün olmayan, gözəl təbiətə malik Şurnuxu kəndinin başı qarlı vüqarlı dağlarından çox danışılıb, vəsf olunub. Tarixi mənbələrə görə, Şurnuxu kəndinin adına ilk dəfə 1593 -cü ildə Osmanlıların tərtib elədiyi dəftərdə "Şornoxud" kimi yazılırdı. 1604-cü ilə qədər osmanlı idarəçiliyində olan kənd Urud livasında qeydə alınmışdı. Tarixin sərt dolanbaclarında kəndin idarəçiliyi bir neçə dəfə dəyişdirilib, xeyli müddət Qarabağ xanlığının tərkibində olan kənd, sonralar Gəncə quberniyasının idarəçiliyinə verilmişdi. Gorusun ən böyük Azərbaycanlı kəndi sayılan Şurnuxunun əhalisi XIX və XX əsrlərin qovşağında 85 və 120 nəfər arasında dəyişirdi. Mənbələrdə XVIII əsrin əvvələrində buraya yuxarı dağlarda yerləşən qonşu Ağvanlı kəndindən də bir bəy nəslinin köçərək yerli kənd sakinlərinə qaynayıb-qarışmasından və yaşamasından söz açılır. Kəndin ətraf ərazilərində xeyli sayda Alban elementlərinə və toponimlərinə rast gəlmək mümkün idi. Alban toponiminə yaxın mənada səslənən Ağvanlı kəndi 1918-ci ildə Nijde və Andranik kimi erməni terrorçuları tərəfindən dağıdılmış və sonralar bərpa edilməmişdi. Ağvanlı toponimi bu ərazilərin vaxtilə Almaniyaya bağlı olduğunu göstərən mühüm tarixi fakt hesab eləmək olar. Ən qədim zamanlardan 80-ci illərin sonlarına qədər yalnız azərbaycanlılar yaşadığı Şurnuxu kəndinin ətrafında qədim Alban kilsəsinin və qəbristanlığınnın qalıqlarının Kəpəz dağ adlanan ərazidə pir ibadətgahının olması bu kəndin qədim tarixə malik olduğunu göstərən faktlardan saymaq olar. Şurnuxuya köçən Ağvanlılar özləri də fəxrlə vurğulayırlar ki, babalarımız yuxarıda yerləşən Ağvanlı kəndinin bəyləridir.
1918-20-ci illərdə ermənilərin vəhşi qətliamlarına məruz qalan kəndin əhalisi güclə canını qurtararaq Cəbrayıl və Qubadlı rayonlarına pənah aparmışdı. 1921-ci ildən birdəfəlik Şurnuxunun Ermənistanın ərazisinə daxil edilən Şurnuxuda o dövrlərdə demək olar k, yerli əhali yalnız azərbaycanlılardan ibarət idi. 1941- ci -45-ci illər müharibəsində 75 nəfər sakinin də iştirak eləməsi onu göstərir ki, kənddə yüzlərlə azərbaycanlı yaşayırdı.

Bir daha qeyd etməliyəm ki, tarixi Azərbaycan torpağı olan Şurnuxuda bədnam qonşular tərəfindən dəfələrlə etnik təmizlənmə və milli ayrı-seçkilik siyasəti aparılmış, zaman-zaman Azərbaycanlılar öz halal ata-baba yurdlarından deportasiya edilmişlər. Stalin rejimi dövründə, daha dəqiqi, 1948-1952- cil illərdə Ermənistanın yerli idarəçilik qurumları tərəfindən Gorusun bütün kəndləri kimi Şurnuxu kənd sakinləri də deportasiya faktına məruz qaldılar. Bu yerlərdən Şurnuxu kənd camaatı Azərbaycanın Bakı, Sumqayıt, Mingəçevir və Bərdə şəhərlərində məskunlaşdılar.

Gorus- Qafan yolunun sağ tərəfində yerləşən Şurnuxu kəndinin adı doğma dilimizin Qazax dialektində "sürətlə axın" mənasını verir ki, bu da qədim Zəngəzur yurdu olan Şurnuxunun axarlı-baxarlı bir cənnət guşəsi olmasından xəbər verir. Təsadüfi deyil ki, gözəlliyi ilə insanı ovsunlayan bu kənddə təbiətin ən yaraşıqlı hədiyyəsi sayılan şəlalə və yerli türk adlarını özündə ehtiva edən xeyli sayda bulaq vardı. Buna nümunə kimi, Göy bulağının, Baba bulağının, Quzeygah və Quş bulağının, Qoşnalı bulağının və başqa bulaqların adlarının çəkmək mümkündür. Kənd özünün Kərimlər yeri, Qoyun damı, Məcimə və Çala yurdu kimi qədim məhəllələri ilə də məşhur idi.

Dövlətə və dövlətçiliyə sədaqəti ilə seçilən Şurnuxulular hər zaman ölkənin ictimai-siyasi həyatında fəal iştirak ediblər. Zəngəzur mahalının gözəl yurdu olan Şurnuxu Azərbaycan elminə və həyatına xeyli sayla görkəmli insanlar bəxş edib. Azərbaycan oftalmologiya elminin tanınmış nümayəndələrindən biri olan akademik Umunisə Musabəyova Şurnuxuda dünyaya göz açıb. Hələ 90-cı illərdə Qarabağ uğrunda gedən döyüşlərdə 5 nəfər Şurnuxu sakini də şəhidlik zirvəsinə ucalmışdı. Azərbaycan torpaqlarının müdafiəsi və azadlığı uğrunda gedən döyüşlərdə şəhid olan və , ölümündən sonra "Azərbaycan bayrağı" ordeni ilə təltif olunmuş baş leytenant Azər Niftəliyevin, Mehman Ağayarovun, Seymur Orucovun, Elşən Adıgözəlovun, Rəfayıl Dadaşovun və Elgün İsmayılovun adlarını Şurnuxulular bu gün də ehtiramla yad edirlər.
Fəxr hissi ilə qeyd etmək lazımdır ki, Azərbaycan Preidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və Azərbaycan əsgərinin rəşadəti sayəsində yenidən ölkəmizin sərhədləri daxilinə qaytarılan Şurnuxu Zəngəzura doğru gedən yolda ilk Qalibiyyət addımı sayılmalıdır. Şurnuxulular yuxularımızın bəzəyi olan kəndimizin qərb hissəsinin diplomatik yolla geri qaytarılmasını sevinc göz yaşları ilə qarşıladılar. Vətənimizin daha da bütövləşməsi uğrunda davam edən müqəddəs işdə Şurnuxu camaatı hər zaman Prezidentimizin yanındadırlar.

Natəvan Ağayeva Azərbaycan Dövlət İqtisad Universiteti, ( UNEC ) Xarici Dillər kafedrasının baş müəllimi
Xəbəri paylaş