Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanla Macarıstan və Əlcəzair arasında turizm əlaqələri müzakirə edilib



Newscenter.az.12.02.2021. Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Macarıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Viktor Sederkenyi və Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdəki səfiri xanım Salima Abdelhak arasında görüş keçirilib.

Newscenter.az-a Dövlət Turizm Agentliyindən bildirilib ki, görüşlərdə ölkələr arasında turizm sahəsində mövcud əlaqələr və inkişaf perspektivləri müzakirə olunub.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev görüşlərdə Ali Baş Komandanın rəhbərliyi ilə Qarabağın erməni işğalından azad edilməsi, işğal müddətində bölgənin turizm potensialına vurulan zərər, işğalçılar tərəfindən məqsədli şəkildə turizm əhəmiyyətli məkanların dağıdılması siyasəti, eləcə də Qarabağda turizmin inkişaf etdirilməsi imkanları haqqında məlumat verib.

Agentlik sədri postpandemiya dövrünə hazırlıq məqsədilə Azərbaycanın turizm imkanlarının beynəlxalq onlayn paltformalar vasitəsilə tanıdılması fəaliyyətinin davam etdiyini qeyd edib.

Macarıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Viktor Sederkenyi iki ölkə arasında məlumatlılığın artırılması üçün qarşılıqlı olaraq təbliğat işlərinin həyata keçirilməsinin, tanıtım turlarının təşkil edilməsinin, turizm şirkətləri arasında əməkdaşlığın genişləndirilməsinin, təcrübə mübadiləsinin aparılmasının vacibliyini vurğulayıb. Səfir turizm sahəsində təhsilin önəmini qeyd edərək turizm təhsil-tədris müəssisələrini ziyarət etmək arzusunda olduğunu bildirib.

Görüşdə postpandemiya dövründə Bakı və Budapeşt arasında birbaşa aviauçuşların yenidən bərpa olunmasının qarşılıqlı turist mübadiləsinə müsbət təsir edəcək əsas amil olduğu vurğulanıb.

Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdəki səfiri Salima Abdelhak ilə görüşdə turizmin postpandemiya dövründə bərpası ətrafında fikir mübadiləsi aparılıb. Xanım səfir Salima Abdelhak ölkəsinin Azərbaycanla turizm əlaqələrinin genişləndirilməsində və təcrübə mübadiləsinin aparılmasında maraqlı olduğunu vurğulayıb. O, vaksinasiya prosesinin uğurla həyata keçirilməsindən sonra dünya ölkələri arasında turist mübadiləsinin bərpa olacağına ümid etdiyini bildirib.

Sevinc
Xəbəri paylaş