Newscenter.az.12.02.2021. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatı əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.
Newscenter.az xəbər verir ki, daxil olan məlumatlara əsasən, Çex Respublikasının Orta Çexiya (Stredocesky) və Almaniya Federativ Respublikasının Brandenburq (Brandenburg) inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Bununla əlaqədar olaraq, OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Çex Respublikasının Orta Çexiya və Almaniya Federativ Respublikasının Brandenburq inzibati ərazi vahidlərindən bütün növ diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Çexiya və Almaniyadan gələn, yaxud bu ölkələrdən tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.