Newscenter.az.13.02.2021. Azərbaycan , Rusiya Prezidentləri və Ermənistan baş nazirinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatına uyğun olaraq Birinci Dağlıq Qarabağ müharibəsi, 44 günlük Vətən müharibəsi zamanında itkin düşmüş şəxslərin axtarılması, onların talelərinə aydınlıq gətirilməsi, hərbi əməliyyatların aparıldığı bölgələrdə meyitlərin basdırıldığı ehtimal edilən ərazilərdə müvafiq ekshumasiya tədbirləri davam etdirilir.
Proses , Beynəlxalq Qızıl Xaç Komitəsinin potranajlığı ilə , Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun, Rusiya Federasiyasının sülhməramlı qüvvələrinin və Dağlıq Qarabağa 30 il ərzində nəzarət etmiş dairələrin iştirakı ilə aparılır.
Dünən, fevralın 12-də Qarabağda Beynəlxalq Qızıl Xaç, Rusiya sülhməramlıları, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin nümayədələrin və Qarabağa uzun illər nəzarət etmiş şəxslərin iştirakı ilə Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 7 nəfərin yeri müəyyən edilmiş, meyidlər ekshumasiya olunaraq qalıqları Azərbaycana təhvil verilmişdir.
Dünən ermənistan mediasında bu proses daxili auditoriya üçün rəsmi təbliğatla "Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi qondarma Dağlıq Qarabağ "prezidenti" ilə görüşdü" kimi paylaşılıb.
Yerli Azərbaycan saytlarından bir neçəsi də, məqsədli şəkildə bu xəbəri erməni mediasından olduğu kimi götürüb paylaşıb. Dünən gecə sosial platformlarda bu mövzuda nələr yaşandı hamımız izlədik.
Birinci, Azərbaycan Prezidentinin Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsi yoxdur, işqaldan azad edilmış bölgələr üzrə ayrı-ayrı xüsusi nümayəndələri var.
Dünən parlamentin təsdiqlədiyi "xüsusi nümayəndələr, vəzifə və səlahiyyətlərin" təsnifatında aydın yazılıb ki, xüsusi nümayəndələr bir-birinə deyil , hamısı ayrı-ayrılıqda prezidentə tabedirlər.
Yəni Dağlıq Qarabağ üzrə tək xüsusi nümayəndə yoxdur, ümumiyyətlə də Qarabağla bağlı proseslərə xüsusi nümayəndələr deyil, dövlət qurumları cəlb olunub.
Odur ki, bu fike xəbərin tirajlanması sadəcə , daha öncələr də haqqında dəfələrlə yazdığım, erməni rəsmi tezislərinin Azərbaycanda fikir formalaşdırmasında iştirakı, yerli medianın ermənistanın rəsmi təbliğatı ilə şübhəli sinxronluğunun növbəti təzahürü idi.
Əslində burda şübhəli heç nə yoxdur, sadəcə biz tam açıq hər şeyi yazmırıq.
Qayıdıram yenə də dünənki görüş mövzusuna, hamının dünyasını dəyişmiş atası, qardaşı, bacısı, övladı, və diğər qohumlarının meyidinin harda basdırılması, itkin düşmüşlərinin taleyi necə olduğunu bilmək haqqı var.
Babamın 44-ci ildə ilk dəfə itkin düşməsi xəbəri gəlib, 45-ci ildə isə Qardaşlıq qəbrsanlığında basdırıldığı məlum olmuşdu. Daha sonra dəfələrlə qəbrini ziyarət etsək də, Atamın ömrünün son günlərinə kimi qəribə tərzdə birinci xəbərə inanmaq istədiyini müşahidə edirdim, çünki orda "bəlkə sağdır ümidi" var idi.
Belə ümid itkin düşmüş ailə üzvləri olan hamıda var və bu insanlar 30 ildir hər imkan düşəndə ailə üzvlərimiz hardadır, ölübsə qəbri hardadır sualını dövlət qurumlarına, özlərinə verirlər.
Əksəriyyətinin də qəlbinin dərinliyində "bəlkə sağdır" gözləntisi var, bu gözləntilərə, bu suallara cavab tapmaq üçün , araiklə də təmas etmək lazımdı, başqaları ilə də..
Mövzunun ikinci tərəfi, yenə də daha öncə yazdığım, bu proseslər haqqında rəsmi məlumatlandırılmanın olmamasıdır. Mən təhmin edirəm ki, kimlərsə hesab edir ki, bu proseslər haqqında cəmiyyətə məlumat verilməməsi daha doğrudu, nəticələr olanda elan etmək kifayətdir.
Əgər erməni tərəfi də eyni cürə yanaşsa idi bəlkə də bu yanaşma özünü doğruldardı, amma qarşı tərəf təmaslardan həmən sonra özlərinə sərf edən tərzdə məlumatları paylaşır.
Azərbaycan tərəf də susduğu üçün cəmiyyət də bu məsələlər haqqında məlumatları erməni mediasından, onların versiyasında oxumaq məcburiyyətində qalır.
Bu halda da biz, prosesdə haqqlı, güclü olduğumuz halda, özümüzü öz cəmiyyətimizdə belə müdafiə etmək məcburiyyətində qalırıq.
Müdafiəni də mühacir və kənar təbliğat resusrsları-saysız hesabsız bloger, tv və s. bir yana, məmurlara bağlı yerli təbliğat resurslarında da qurmaq məcburiyyətində qalırıq.
Məsələn dünən bu xəbəri ilk paylaşan yerli sayt da maliyyəsini yerli məmurların birindən alır. Nazirlərə bağlı blogerlər, güc strukturlarına bağlı internet tv-lər, müxtəlif aparat rəhbərlərinə bağlı "haqq carçıları" və s. bu mövzudan aylardır nüfuz toplayır.
Bu məlumatsızlığın siyasi və təhlükəsizlik aspektləri haqqında isə daha öncələr dəfələrlə yazmışam, təkrarçılıq etmək istəmirəm.
Yeganə Hacıyeva-beynəlxalq məsələlər üzrə ekspert