Newscenter.az.13.02.2021. Müstəqilliyimiz bərpa edilərkən yeni dövlətə xas qurumların formalaşdırılmasından sonra ilk dəfədir ki, ölkədə bu cür dəyişikliklər gedir. Bəzi qurumlar ləğv edilir, bir çoxu birləşdirilir və yeni qurumlar yaradılır. Bir qurumun ləğvi, birləşdirilməsi və ya yeni birisinin yaradılması heç də göründüyü kimi sadə bir prose deyil və dövlət üçün də, kifayət qədər əhəmiyyətli vəsaitlər hesabına başa gəlir. Bəs bütün bunların edilməsi hansı zərurətdən doğur və əsas məqsəd nədir?
Əslində bunu ölkədə aparılan dəyişikliklər və kadr islahatları prosesinin tərkib hissəsi hesab etmək olar. Sadəcə bir daha şahidi oluruq ki, hörümçək toru kimi ölkəni bürümüş köhnə kadr şəbəkəsi heç də rahat şəkildə təslim olmaq və getmək istəmir. Əksinə, işğaldan azad edilmiş ərazilərin bərpası və regionda Azərbaycan üzərindən canlanacaq iqtisadi proseslərdə də iştirak etməyə can atırlar.
Uzun illər ərzində qanunsuz yollarla əldə etdikləri milyonları Qarabağda aparılacaq geniş bərpa işləri hesabına daha da artırmaq niyyətindədirlər. Bir sözlə həm yeni idarəetmə mexanizminə uyuşa bilmir və onu qəbul etmirlər, həm də burunlarına böyük pulların qoxusu gəlib.
Təbii ki, dövlətimiz tərəfindən həmin şəxslərin özləri mərhələli şəkildə vəzifələrindən kənarlaşdırılmaqla və həbs edilməklə zərərsizləşdirilir. Ancaq bununla yanaşı, onların uzun illər ərzində qurduqları korrupsiya mexanizm qurğuları da dağıdılmalıdır. Çünki, bir evi təmizləmək üçün təkcə hörümçəkləri deyil, onların evin bütün künclərində qurduqları torları da təmizləmək lazımdır.
Məhz elə buna görə də, uzun illər ərzində şəbəkələşmiş bir çox köhnə kadrların qanunsuz fəaliyyət mexanizmlərinin mövcud olduğu qurumlar ləğv edilir. Və daha çox elə şəxslərin təfəkkürlərinə və düşüncələrinə uyğun gəlməyən yeni holdinqlər, şuralar, agentliklər və digər qurumlar yaradılır. Ümid edək ki, bu yolla dövlətimizi və xalqımızı bu cür neqativ ünsürlərdən və onların qanunsuzluqlarından xilas etmək mümkün olacaq.
Xəyal Bəşirov-siyasi şərhçi