Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu gün Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə günüdür



Newscenter.az.14.02.2021. 14 fevral Azərbaycan Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə günüdür.

Newscenter.az xəbər verir ki, Azərbaycanın ilk hərbi pilotu Fərrux ağa Qayıbov olub. O, Birinci Dünya Müharibəsində almanlara qarşı keçirilən hava əməliyyatlarında fəal iştirak edib və indiki Belarus ərazisində gedən döyüşlərdən birində həlak olub.

Azərbaycanın ikinci müstəqilliyi dövründə – 1992-ci ilin aprelin 8-də isə baş leytenant Vaqif Qurbanov keçmiş sovet ordusunun Sitalçay aerodromundan, "Su-25" döyüş təyyarəsini qaçıraraq Azərbaycan ordusuna gətirir. Bununla da Azərbaycan HHQ ilk qırıcı təyarəni arsenalına qəbul edib. Az sonra "Nasosnı" – indiki Hacı Zeynalabdin Tağıyev hərbi aviasiya alayının komandiri, polkovnik Vladimir Kravtsov (Azərbaycan HHQ-nin ilk komandanı) və Dəllər aerodromunda xidmət edən polkovnik-leytenant Aleksandr Pleşin səyləri nəticəsində bu bazalardakı sovet aviasiyasına məxsus təyyarələr Azərbaycan ordusunun tabeçiliyinə verilib. 1992-ci ildən Azərbaycanda HHQ ilə bağlı islahatlar dövrü başlanıb. Həmin il bu qurumun strukturu milliləşdirilib. General-mayor Rail Rzayev HHQ-nin komandanı təyin edilib. Bir qədər sonra HHQ Hava Hücumundan Müdafiə Qoşunları ilə birləşdirilib. General-leytenant rütbəsi alan Rail Rzayev Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının (HHQ və HHMQ) komandanı kimi fəaliyyətini davam etdirib.

1994-cü ildə - atəşkəs müqaviləsi imzalandıqdan sonra Azərbaycanda başlanan hərbi islahatlar prosesinin özəyini məhz HHQ və HHMQ təşkil edib. Səbəb aydındır – işğal altında olan Azərbaycan əraziləri yüksək relyefə malikdir və bu əraziləri işğaldan qurtarmaq işində qırıcıların, hərbi təyyarələrin və hava hədəflərini vuracaq texnikaların əvəzi yoxdur. 1997-ci ildə Azərbaycanın Ali Hərbi Təyyarəçilik Məktəbi ilk milli hərbi təyyarəçilərimizin buraxılışına başlayıb. Beləliklə, 2005-ci ildən Azərbaycanda müdafiəyə ayrılmış vəsaitlərin əhəmiyyətli hissəsi məhz HHQ və HHMQ-nin dirçəldilməsinə sərf edildi. 1995-ci ildə - Azərbaycanın illik hərbi büdcəsinin 80-90 milyon dollara yaxın olduğu dövrdə HHQ və HHMQ-yə təxminən bir neçə milyon dollar vəsait ayrılırdısa, 2008-ci ildə bu rəqəmin az qala hərbi büdcənin 15 faizini əhatə etməsi ilə bağlı ehtimallar səslənib. Bu isə 1 milyard 500 milyon manatlıq hərbi büdcənin təxminən 250 milyon manatı deməkdir.
Xəbəri paylaş