Newscenter.az.16.02.2021. Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu amerikalı yeni həmkarı Entoni Blinkenlə telefonla danışıb. Telefon danışığı Ankaranın Vaşinqtonu sərt tənqid etdiyi saatlara təsadüf edib. Terrorçu PKK təşkilatı Türkiyənin 13 vətəndaşını vəhşicəsinə qətlə yetirib, Vaşinqtondan verilən açıqlamada isə terroru qınamaq əvəzinə belə bir cümlə işlədiblər: “... əgər terrorda PKK izi varsa, bunu pisləyirik”. Yəni Vaşinqton bu cümlə ilə terrorun arxasında PKK izinə şübhə etdiyinə eyham vurub. Bundan bir neçə saat sonra Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan çıxışında Amerikanı nəzərdə tutaraq “terrorun arxasında Siz varsız” ifadəsini işlədib.
Belə vəziyyətdə Çavuşoğlu ilə Blinkenin telefon danışığı gərgin keçməyə bilməzdi. Blinken Amerikanın yeni administrasiyasının Türkiyəyə yönəlik xarici siyasətini korrektə edəcəyinə dair bir kəlmə də deməzkən, əksinə Ankaraya ultimatum göndərib: “Rusiyanın C-400 raketlərindən imtina edin!”
Necə imtina etmək olar? Raketlərin pulu ödənilib və Türkiyədə yerləşdirilib. Tutaq ki, Ankara Amerikanın yeni administrasiyası ilə münasibətləri normallaşdırmaq naminə C-400 raketlərinə əncam çəkdi, başqa ölkədə yerləşdirdi, bu heç nəyi dəyişdirməyəcək. Bu məsələnin həllindən sonra Vaşinqtondan Ankaraya başqa ultimatum göndəriləcək: “PKK ilə danışıqlara başlayın!”. Ona görə də Ərdoğan C-400 raketlərində güzəştə getməyəcək. Çünki mümkün güzəşt Amerikanın Türkiyə siyasətini onsuz da dəyişdirməyəcək, Vaşinqtonun PKK, YPG və PYD-yə dəstəyi də davam edəcək, Fətullah Gülən də əsabələri ilə Pensilvaniya ştatında rahat həyatlarına davam edəcəklər.
Elxan Şahinoğlu-"Atlas" Araşdırmalar Mərkəzinin sədri