Newscenter.az.16.02.2021. İnternet müasir dünya insanının həyatının ayrılmaz parçasına çevrilib. Bu, günün reallığıdır və çox az adam tapılar ki, internetdən istifadə etməsin. Nəinki paytaxtda, hətta kənd və rayonlarda da internet istifadəçilərinin sırası durmadan genişlənir. Bu gün hər birimizin həyatında internetin özünəməxsus yeri var. Azərbaycanda internetdən istifadə tamamilə azaddır və istifadəçilər istədikləri saytlara daxil ola və onları təmin edə bilən informasiyanı ala bilər, başqa bir tərəfdən də istədikləri xəbərləri, məlumatları, vizual materialları internetdə yerləşdirib yaya bilərlər. Lakin internetdən heç bir məhdudiyyətlə qarşılaşmadan istifadə etmək imkanı bəzi insanların bu vasitədən sui-istifadə etməsinə gətirib çıxarır. Bilirik ki, hər kəs internetdən, sosial şəbəkələrdən öz tərbiyəsinə uyğun istifadə edir. Tərbiyəli adam ondan tərbiyəvi məqsədlər, maarifçilik işini həyata keçirmək üçün istifadə edirsə, əxlaqında nöqsan olanlar əks niyyətlər üçün istifadə edir.
Məsələ burasındadır ki, dövlət internet mediasının inkişafında maraqlıdır. Elə dövlət sosial şəbəkələrin inkişafına qarşı da deyil. Ancaq bu şəbəkələrdən istifadə edən Azərbaycan vətəndaşları da yazdıqları hər bir fikrə görə özlərində məsuliyyət daşımalıdır. Hər bir internet istifadəçisi dövlət və ictimai maraqlara zidd addım atmaqdan çəkinməli və dövlətimizin ali maraqlarını üstün tutan fikirlərlə çıxış etməlidir. Məlumdur ki, son illər Azərbaycanda internet mediasının inkişafı insanların informasiya almaq imkanlarını xeyli genişləndirib. Ümumiyyətlə, son illər Azərbaycan ictimaiyyətinin internetdən istifadəsi geniş vüsət alıb. Bayaq qeyd etdiyim kimi, təəssüflər olsun ki, hamı internetdən xoş məram üçün istifadə edib ancaq pozitiv şeylər bölüşmür. Burada insanların bir-birini təhqir etməsi, şər-böhtan dolu informasiyalar yayması da adi hala çevrilib. Bir insan digərini gözdən salmaq məqsədilə onun barəsində istədiyini yazır. Sözsüz ki, bu da internet istifadəçiləri arasında ciddi narahatlıq yaradır. Bir çox hallarda, internet mediasına açıqlama verən tanınan şəxslər qarşı tərəflə bağlı nalayiq fikirlər söyləyir. Bu fikirlərə əlavə olunan şərhlərdə bu məsələni daha da qəlizləşdirir. İctimaiyyətin, eləcə də dövlətimizin ciddi narahatlıqla qarşıladığı bu məsələ artıq qanun çərçivəsində öz həllini tapmaqdadır. İnternetdə təhqirə məruz qalan, şər-böhtanla, qarayaxma ilə üzləşən vətəndaşlar əvvəllər bu halla bağlı şikayət edə bilmədiklərindən şikayət edirdilər. Ancaq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişiklik edilməsi nəticəsində problemlə üzləşənlər şikayət edə biləcək. Belə ki, Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma—iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma —
min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qanuna edilən bu dəyişiklik Azərbaycan ictimaiyyətinin təqdir etdiyi məsələdir. Artıq hər kəs bilir ki, onun haqqı pozulsa, bu işi edənlər qanun qarşısında cavab verməli olacaq.
İnternetlə bağlı belə bir cəzanın qanunla müəyyənləşməsi ictimai maraqların müdafiəsinə xidmət edir. Çoxdan internet mediaya nəzarət edilməli idi. Bəziləri deyir ki, bu sahəyə nəzarətin olması senzuraya gətirib çıxaracaq. Qətiyyən belə deyil. Bilirsiz ki, bu qadağa olmadıqda da şər-böhtan, təhqir baş alıb gedirdi. İnternet ona görə deyil ki, sən istədiyin adamı təhqir edəsən, onun haqqında həqiqətə uyğun olmayan məlumat yayasan, yaxud ona böhtan atasan. Bundan sonra internetdə yazı yazan, bloq yaradan hər kəs, istər-istəməz, daha diqqətli olacaq, daha çox ehtiyat edir, eyni zamanda da yazdığına görə mənəvi məsuliyyət daşıyır. Düzdür, hələ də məsuliyyətsizlər var. Ancaq bütövlükdə problem yavaş-yavaş azalmağa doğru gedir. İnternetdə şər və böhtana görə cəza tətbiq edilməsi o deməkdir ki, o insanlar özlərində məsuliyyət hiss edəcək. İnternet mediaya nəzarətin sərtləşdirilməsi vacib idi. Azərbaycanda internet kütləvi informasiya vasitələrinə aid edildiyi üçün cinayət məsuliyyəti yaradırdı. İndi burada müəyyən caza növləri nəzərdə tutulur, onlardan biri də insana bu məsələ ilə bağlı həbs cəzası verilməsidir. Bəziləri deyir ki, bu, insan haqları ilə üst-üstə düşmür. Bəs bir insanın digərini internetdə şantaj etməsi, ona böhtan atması insan haqları tələblərinə uyğundur? Bir insanın həyatı, yaşayışı üçün əngəl yaradan başqa bir insan cəzalandırılmalıdır. Bir insan birini internetdə təhqir edirdi, buna görə heç kəs məsuliyyət daşımırdı. Hər şeyin həddi-hüdudu olmalıdır. Bu gün Azərbaycan ictimaiyyəti sevinir ki, nə yaxşı Milli Məclisdə Cinayət Məcəlləsinə dəyişikliklər edilib. Bilirik ki, dəyişikliyə əsasən, CM-in 147.1-ci (böhtan) və 148-ci (təhqir) maddələrində "və ya kütləvi informasiya vasitəsində"sözləri, "kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında" sözləri ilə əvəz edilib. Beləliklə, həmin maddələrdə nəzərdə tutulan cəzalar internet informasiya vasitələrində yayılan məlumatlara da tətbiq olunmaqdadır.
İnternetdə təhqirə məruz qalan, barəsində həqiqətə uyğun olmayan informasiyalar hədsiz dərəcədə yayılırdı. Bunun da həm dövlət səviyyəsində, həm də ictimai səviyyədə ciddi narahatlıqlar yaradırdı. İnternetdə məhdudiyyət yoxdur, kim istəsə maneə ilə üzləşmədən fikir bildirir. İnternetdə yayılan böhtanlara görə Cinayət Məcəlləsində dəyişiklik xəbərdaredici müddəadır. Bu gün internet media yazılı mətbuata nisbətən daha geniş yayılıb. İnsanlar da öz fikirlərini, böhtan atanlar isə öz böhtanlarını məhz internet şəbəkədə yaymağa üstünlük verir. Sanki bir məsuliyyətsizlik mühiti hökm sürür. İnternet azadlığından istifadə edib kiminsə kimisə təhqir etməsi yolverilməzdir. Bəzən həddən artıq azadlıq imkanından sui-istifadə halları da baş verir. Etik kodeks var və norma çərçivəsində hərəkət olunmalıdır. İnsanlar var ki, anonim şəkildə digərinin şərəf və ləyaqətini, şəxsiyyətini təhqir edir, müxtəlif karikaturalar yerləşdirir, insanların özü və ailəsi haqqında fikirlər səsləndirir. İnternet klublardan, ayrı-ayrı adlardan istifadə edərək müəyyən insanlar başqasına olmazın böhtan atır, şərəf və ləyaqətini təhqir edir. Belə təhqirlərə son qoyulması üçün Cinayət Məcəlləsinin müvafiq bəndinə dəyişiklik edilib. Qəti şəkildə hər kəs bilməlidir ki, təhqirə yol verilməməlidir. Dünyanın bir çox ölkələrində bu məsələlərə nəzarət olunur. Nəzarət olmasa, ölkədə terror baş alıb gedər. İnsanlar gərək anlasınlar ki, heç kəsin şərəf və ləyaqətini təhqir etmək olmaz. Bilirsiz ki, müxtəlif sosial şəbəkələr var, insanlar bundan geniş şəkildə istifadə edir. Burada da təhqir halları baş verir. Bu cür xoşagəlməz hallara yol verən şəxs qanunda nəzərdə tutulan şəkildə cəzalandırılmalıdır.
Əli İbrahimov-hüquqşünas