Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Qarabağda cənnət yaradacağıq" deyən Prezident İlham Əliyev bu vədini də addım-addım yerinə yetirir



Newscenter.az.16.02.2021. Heç kəsə sirr deyil ki, Prezident İlham Əliyev bu günə qədər verdiyi bütün sözləri, vədləri yerinə yetirib. Necə ki, bir il öncə “Qarabağ Azərbaycandır və nida işarəsi” deyən dövlətimizin başçısı sözlərinə sadiq qalaraq Ermənistanın faşizm siyasətini məhv etdi, Qarabağı işğaldan azad etdi. Hazırda isə Prezident İlham Əliyev “Qarabağda cənnət yaradacağıq” vədini addım-addım yerinə yetirməkdədir. Prezident İlham Əliyevin, Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın, Leyla xanım Əliyevanın işğaldan azad olunmuş ərazilərə səfər etməsi, bir sıra layihələrin təməlinin qoyulması, açılışının edilməsi dövlətimizin başçısının “Qarabağda cənnət yaradacağıq” vədinin ilkin akkordlarıdır. Bu gün artıq hər kəs əmindir ki, qısa zaman çərçivəsində işğaldan azad olunmuş ərazilər bərpa ediləcək, böyük qayıdış başlayacaq.

Füzuli-Şuşa yolunun, Füzuli rayonunda hava limanının təməllərinin qoyulmasından sonra Prezident İlham Əliyev Horadiz-Ağbənd dəmir yolu xəttinin də təməlini qoyub. Sözsüz ki, bu dəmir yolu xəttinin strateji əhəmiyyəti olduqca böyükdür. Çünki bu nəqliyyat infrastrukturu Azərbaycan vətəndaşlarının azad olunmuş torpaqlara gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq və ən mühüm məsələ Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranmasına böyük töhfə verəcək. Eyni zamanda, Güləbird Su Elektrik Stansiyasının açılışının baş tutması böyük rəmzi məna kəsb edir. Çünki işğaldan azad edilmiş torpaqlarda Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən birinci elektrik stansiyasıdır və siyasi mesajı ondan ibarətdir ki, biz tarixi torpaqlarımıza əbədi olaraq qayıdırıq. Həmçinin, Zəngilan rayonunun Üçüncü Ağalı kəndində “ağıllı kənd” layihəsi icra olunacaq, bütövlükdə azad olunmuş ərazilər “yaşıl enerji” zonasına çevriləcək. Bütün bunlarla yanaşı, xüsusilə də hazırkı pandemiya şəraitində, dünya iqtisadiyyatında böyük problemlərin yarandığı bir dövrdə işğaldan azad olunan ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması bir daha dövlətimizin gücünü və qüdrətini nümayiş etdirir.

Reallaşdırılan sosial layihələrlə bərabər iqtisadi proyektlərin də həyata keçirilməsi bölgənin perspektivi baxımdan çox böyük əhəmiyyət kəsb edir. Təkcə inşa edilən dəmir yolu infrastrukturu Azərbaycanı Naxçıvan vasitəsilə Türkiyəyə, Türkiyəni Rusiyaya, ümumilikdə Qərblə Şərqi birləşdirəcək, böyük dividentlər gətirəcək. Eyni zamanda, Rusiyadan Ermənistana dəmir yolu xətti açıla bilər ki, bu da yalnız Azərbaycan ərazisindən keçə bilər. Eləcə də Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmir yolu bağlantısı olacaq. Bütün bunlar isə Azərbaycanı mühüm ticarət-tranzit mərkəzinə çevirəcək ki, nəticədə də ölkəmizin sürətli inkişafına, xalqımızın rifahının daha da yüksəlməsinə səbəb olacaq.

Sədaqət Vəliyeva-Milli Məclisin deputatı
Xəbəri paylaş