Newscenter.az.16.02.2021. Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın eməni televiziya kanalına geniş müsahibəsinin yazılı variantını oxudum. Bu müsahibə Azərbaycan mediasının da diqqətini çəkib, gün ərzində üzləşdiyim sualların əksəriyyəti bu haqda idi. Ancaq açığını deyim, müsahibədəki detallar xüsusi olaraq diqqətimi çəkmədi. Ola bilsin, müsahibədə əvvəllər bəlli olmayan hansısa detallar var.
Ancaq məsələ burasındadır ki, 44 günlük müharibədən sonra bu detalların əhəmiyyəti qalmayıb. “Belə olmalı idi, olmadı, buna razılaşdım, ancaq alınmadı” bu tipli cavablar bəlkə də 27 sentyabrdan əvvəl səslənsəydi, ciddi rezonans doğurardı, müharibədən sonra isə arxadan atılan daşa bənzəyir.
Sarkisyan hazırki baş nazir Nikol Paşinyanın ciddi səhvlərindən danışır, bəs niyə zamanında bu səhvləri ictimailəşdirmədi, demədi ki, “Şuşada içkili vəziyyətdə yallı oynamaq olmaz”, “Qarabağ Ermənistandır” ifadəsi müharibə risqini artırır”. Demək, Serj Sərkisyan sentyabrın 27-ə qədər Paşinyanın səhvlərinin Ermənistana problem yaratmayacağını düşünürdü. Ancaq elə ki, müharibə başladı və Ermənistan məğlubiyyətlə üzləşdi, Sərkisyan canlandı və özündən sonrakı rəhbərin səhvlərindən ağır dolusu danışmağa başladı. Sərkisyanın dostu Robert Köçəryanla ən böyuk səhvi 1997-ci ildə prezident Levon Ter-Petrosyanı devirməsiydi. Onu devirməsəydilər, Ermənistan 23 il əvvəl özü üçün daha məqbul şərtlər daxilində Azərbaycanla saziş imzalayacaqdı. Ancaq nə hikmətdirsə, Ermənistanda bu haqda danışmırlar.
Sarkisyanın bir daha hakimiyyətə gəlmək şansı azdır, hazırda müxalifətin aparıcı siması da deyil, təsmsilçisi olduğu “Qarabağ klanı”nın nüfuzu qalmayıb. Ona görə həyatının sonuna qədər müsahibə verib nəsə yeni detallar ortaya atmağa çalışsa da, bunun nəyəcə təsiri olmayacaq. Biz yolumuza baxaq.
Elxan Şahinoğlu-"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri