Newscenter.az.18.02.2021. Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan "Armnyus” kanalına verdiyi müsahibədə maraqlı açıqlamalar yer alsa da, lakin bütün bunlar Sarkisyanın həqiqət tərəfdarı olduğunu göstərməyə yox, onun ölmüş reytinqinin dirçəldilməsinə, siyasi meyit imicindən qurtulmasına və revanşist-davakar şüarlardan istifadə etməklə ermənilərin rəğbətini qazanıb yenidən siyasi Olimpə qayıtmasına xidmət edir. Lakin Sarkisyanın bu etirafları gecikmiş etiraflardır və bu "şok açıqlamaları" heç bir halda onun reabilitasiyasına, ictimaiyyətin gözündə yüksəlməsinə kömək etməyəcək. Çünki Sarkisyanın "qatar"ı artıq çoxdan gedib. Hazırda Ermənistan ictimaiyyəti "Qarabağ klanı"ının quldur "lider"lərinə (Köçəryan, Sarkisyan, Manukyan və digərləri) ikinci dəfə şans verməyə hazırlaşmır. Çünki sıravi ermənilər bu klanın son 30 ildə Ermənistanı düçar etdiyi bəlalardan, despotik idarəetmədən, daimi müharibə xofundan beziblər. Ermənilər artıq normal yaşamaq istəyirlər. Ona görə də, hazırda sabiq prezident Serj Sarkisyanın Ermənistanda reytinq göstəricisi sıfırın altındadır. Odur ki, onun Paşinyanın ünvanına sərt ifadələr işlətməsi ermənilərin Paşinyanı dəstəkləməsinə qətiyyən mane ola bilməyəcək.
Biz isə Sarkisyanın bu açıqlamalarından həm onun özünə qarşı, həm də bütövlükdə Ermənistanın qarşı beynəlxalq kürsülərdə istifadə edə bilərik. Sarkisyanın İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan ərazilərinə “İsgəndər” raketlərinin atılmasının vacibliyi barədə səsləndirdiyi “Horadiz “İsgəndər”lə vurulmalı idi” tipli fikirləri onun azərbaycanlılara qarşı etnik-irqçi nifrət zəminində törətdiyi qəddarlıq və qanunsuzluqlarla bağlı etirafları Ermənistanı bir terrorçu dövlət kimi bütün dünyada ifşa etməyimiz üçün bəs edər. Vaxtilə ingilis jurnalistinə verdiyi müsahibəsində Xocalı soyqırımını da qəsdən törədiklərini etiraf edən S.Sarkisyanın xisləti o gündən bu günümüzə zərrə qədər də dəyişməyib. 1992-ci ildəki Serj Sarkisyan nə idisə, bu günkü Sarkisyan da elə odur. İlan qabığını töksə də, lakin yenə də öz ilanlığında qalır. Sarkisyan müasir erməni faşizminin gerçək simasıdır.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri