Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Səyavuş Heydərov: Bəzi qüvvələr öz maraqlarını təmin etmək üçün dindən vasitə kimi istifadə edirlər



Newscenter.az.20.02.2021. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini (DQİDK) Səyavuş Heydərov fevralın 18-də Özbəkistanda “Radikalizm, ekstremizm və terrorizmlə mübarizədə gənclərin rolu" mövzusunda keçirilən beynəlxalq videokonfransda iştirak edib.

Newscenter.az xəbər verir ki, tədbirdə BMT, ATƏT, Aİ və s təşkilatların, eləcə də dünyanın bir çox ölkəsinin dövlət qurumlarının nümayəndələri, ekspertlər iştirak ediblər.

Videokonfransda iştirak edən DQİDK sədrinin müavini “Terrorizm, ekstremizm və radikalizmin qarşısının alınması və mübarizə sahəsində beynəlxalq əməkdaşlıqla bağlı əsas vəzifə və prioritetlərin müəyyən edilməsi” mövzusunda çıxış edib. Bildirib ki, terrorizmin səbəblərinin arasında dindən siyasi məqsədlərlə istifadə edilməsi xüsusi çəkiyə malikdir. Bu gün din öz mahiyyətindən uzaqlaşdırılaraq, sürətlə siyasiləşdirilir və bunda bəzi qüvvələrin öz maraqlarını təmin etmək üçün dindən vasitə kimi istifadə etməsi böyük rol oynayır.

Bu prosesin ağır nəticələri İslam dünyasında müşahidə edilməkdədir. Terrorizm, ekstremizm və silahlı münaqişələrə görə bəzi müsəlman ölkələrində dövlətin idarəetmə mexanizmləri iflasa uğrayıb, de-fakto ərazi bütövlükləri pozulub. Səyavuş Heydərov onu da vurğulayıb ki, belə hadisələrin mənfi təsiri İslam dünyası ilə məhdudlaşmır. Qaçqınların Avropa və digər ölkələrə axın etməsi nəticəsində bəzi dövlətlərdə radikal milliyətçi elementlər bu prosesdə din amilini qabardaraq, ondan siyasi məqsədlər üçün istifadə edirlər. Nəticədə cəmiyyətdə ksenofobiya, xüsusilə də İslamofobiya meyilləri güclənir.

Çıxışında bu kimi mənfi təzahürlərin qarşısının alınması yollarına toxunan sədr müavini dinin siyasi məqsədlər naminə istifadə edilməsinin qarşısının alınması, dinlər və mədəniyyətlərarası dialoq ənənələrinin qorunması, inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb. Qeyd edib ki, terrorizm, ekstremizm və radikalizmin qarşısını almağın yolu din haqqında anlayışların müasir dövrün tələblərinə və çağırışlarına uyğun yenilənməsindən keçir. Dinin sabit, dəyişilməz prinsiplərini əsrlərboyu adət-ənənələrdən gələrək dinə hopmuş, dini hökmlər kimi insanlara sırınmağa çalışılan xüsusiyyətlərdən ayırd etmək vacibdir. Əks təqdirdə, bu, dini şüurun qapanmasına, nəticədə ekstremizm və terrorizmin başlanğıcı olan fanatiklik və radikallığa yol açır.

Eyni zamanda müasir gəncliyin əsas informasiya mənbəyi olan internet resurslarında ekstremist, terrorist və radikal qrupların fəaliyyətinin məhdudlaşdırılması istiqamətində müvafiq mexanizmlərin və standartların müəyyənləşdirilməsinə ehtiyac olduğu və bu sahədə beynəlxalq hüquqi normanın düzgün müəyyənləşdirilməsinin sülhə böyük töhfə verəcəyi vurğulanıb.

Səyavuş Heydərov həmçinin çıxışı zamanı 30 ildən çoxdur ki, ölkəmizin erməni vandalizmi, terrorizmi, ekstremizminin qurbanı olduğunu və Ermənistan tərəfinin təcavüzkar siyasətini və əməllərini gizlətmək üçün bu müharibəyə dini don geyindirməyə çalışdığını, onu müsəlman-xristian münaqişəsi kimi təqdim etməyə, o cümlədən xristian dinini siyasiləşdirməyə cəhd göstərdiyini bildirib. Qısa müddət ərzində zəfər qazanan Azərbaycan dövlətinin səyləri nəticəsində bu siyasətin iflasa uğradığını diqqətə çatdırıb.

Sonda Komitə rəsmisi belə bir aktual mövzuya həsr olunmuş konfransa dəvətə görə təşəkkürünü bildirib və hər bir dövlətin terrorizm, eksremizm və radikalizmə qarşı mübarizəyə öz maraqları çərçivəsində deyil, insanpərvərlik və ümumbəşəri dəyərlərin qorunması kontekstində yanaşmasının əhəmiyyətinə diqqət çəkib.

Mehman
Xəbəri paylaş