Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Erməni separatçıları və terrorçuları minalanmış ərazilərin xəritələrini gizlədirlər



Newscenter.az.23.02.2021. Cənab Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərin bərpası üçün nümayiş etdirdiyi iradə, qətiyyət, həyata keçirilən tədbirlər Azərbaycanın Qarabağı cənnətə çevirmək istəyinə nail olduğunu nümayiş etdirir. Lakin Ermənistan və onun havadarları hər bir vasitədən istifadə etməklə Azərbaycanın Qarabağı cənnətə çevirmək tədbirlərinə mane olmaq istəyirlər. Bu istiqamətdə bir sıra təxribatlara yol verən erməni separatçıları və terrorçuları minalanmış ərazilərin xəritələrini də gizlədirlər.

Minalanmış ərazilərin xəritəsinin gizlədilməsi Ermənistanın terrorçuluq və işğalçılıq mahiyyətini bir daha sübut edir. Ermənistan işğal etdiyi ərazilərdə hər yeri, hətta hərbi təyinatı olmayan əraziləri də minalayıb. Minalı sahələrin xəritələrini isə vermir. Burada ermənilərin əsas məqsədi əlbəttə ki, mümkün qədər çoxlu sayda mülki şəxslərin həlak olmasını təmin etməkdir. Onlar da yaxşı bilirlər ki, 30 ildir torpaq həsrəti ilə yaşayan azərbaycanlılar tez bir zamanda doğma yurduna qayıtmaq istəyəcək və buna cəhd də edəcək. Çox təəssüflər olsun ki, bəzi vətəndaşlarımız ermənilərin basdırdığı minaların qurbanı oldular. Erməni terrorçuları bu yolla qaçqın və məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışını çətinləşdirmək niyyətindədir. Eyni zamanda, minalanmış ərazilərin xəritələrinin verilməməsi Azərbaycan vətəndaşlarının doğma yurdlarına qayıtması prosesini uzatmağa yönəlmiş cinayətdir. Eyni zamanda, minalanmış ərazilərdə mülki vətəndaşların bilərəkdən həlak olmasına şərait yaratmaq beynəlxalq hüquqla da qadağandır və müvafiq məsuliyyətlə xarakterikdir. Bu səbəbdən də, işğaldan azad olunmuş ərazilərə səfər edərkən minaya düşərək həlak olan, yaxud yaralanan hər bir vətəndaşımıza görə erməni terrorçuları cavab verməli olacaqlar.

Düşmənin niyyətinə və təxribatlarına baxmayaraq, cənab Prezident İlham Əliyev azad edilmiş torpaqların minalardan təmizlənməsi işini birinci dərəcəli vəzifə kimi müəyyənləşdirib. Dövlət başçısının tapşırığına əsasən Azərbaycanda minatəmizləmə əməliyyatları üzrə milli standartlar hazırlanmaqdadır. İşğaldan azad olunmuş ərazilərin tez bir zamanda minalardan təmizlənməsi həmin yerlərin abadlaşdırılması, yenidən qurulması prosesinin tez bir zamanda başlanması, eyni zamanda, əkin sahələrinin becərilməsi, yol-nəqliyyat infrastrukturunun qurulması, sosial-iqtisadi obyektlərin yaradılması deməkdir. Şübhə yoxdur ki, cənab Prezident İlham Əliyevin bu istiqamətdə tapşırıqları da yüksək səviyyədə icra olunacaq və qısa zaman çərçivəsində Qarabağın cənnətə çevrilməsi prosesinin nəticələrini görəcəyik.

Sədaqət Vəliyeva-Milli Məclisin deputatı
Xəbəri paylaş