Newscenter.az.23.02.2021. Fevralın 24-də Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına (Türk Şurası) daxil olan ölkələrin energetika nazirləri enerji sektorunda əməkdaşlıq məsələlərini müzakirə etmək üçün ilk dəfə görüşəcəklər.
“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, Türk Şurası ölkələri ticarət, turizm, səhiyyə və təhsildə inkişaf etdirdiyi əməkdaşlığa enerji sektorunu da əlavə edəcək.
Görüşdə Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Türk Şurasının baş katibi Bağdad Əmreyev, Türkiyənin Enerji və Təbii Qaynaqlar Naziri Fatih Dönmez, Qazaxıstanın Enerji Naziri Nurlan Nogayev, Qırğızıstanın Enerji və Sənaye Naziri Kubanychbek Turdubayev, Özbəkistanın Enerji Naziri Alisher Sultanov, Macarıstanın İnnovasiya və Texnologiya Nazirliyinin Enerji Siyasəti üzrə Dövlət Naziri Attila Steiner iştirak edəcək.
Görüşdə Türk Şurası ölkələri arasında enerji sahəsində çoxtərəfli əməkdaşlığın mövcud vəziyyəti qiymətləndiriləcək, onun inkişaf etdirilməsi, şaxələndirilməsi və enerji əlaqələrinin yaxşılaşdırılması imkanları barədə fikir mübadiləsi aparılacaq.
Energetika nazirləri yenilənə bilən enerji mənbələrinin inkişafı üçün uyğun investisiya mühitinin təmin edilməsi, enerji səmərəliliyi və qabaqcıl enerji texnologiyaları ilə əlaqəli ən yaxşı təcrübələrin paylaşılması, üzv dövlətlərdə istehsal edilən neft-kimya məhsullarının xarici ölkələrdə paylanması kanallarınnın yaradılması, qazlı və elektrikli nəqliyyat vasitələri kimi ekoloji cəhətdən təmiz ictimai nəqliyyat vasitələrinin inkişafına dair təcrübə mübadiləsi, neft mühəndisliyi sahəsində ortaq müəssisə yaradılması kimi müxtəlif məsələləri müzakirə edəcəklər.