Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İnsan nə üçün intihar edir?



Newscenter.az.25.02.2021. Son günlərdə gündəmi tez-tez intihar xəbərləri məşğul edir. Xüsusən gənc nəsil, həm də yeniyetmə qızlar arasında intihar hallarının çoxalması sual yaradır: onlar nə üçün intihar edirlər? Nə üçün məhz gənc nəsil arasında intihar halları artmışdır?

Gənclər arasında baş verən intiharların səbəbləri arasında depressiyanın, sevgi xəyanətlərinin, tənhalığın, psixoloji problemlərin, ailədaxili konfliktlərin, stressin, mövcud gərgin situasiyadan, yaxud yaşanan iztirabdan birdəfəlik qurtulmaq istəyinin, affekt halının adı daha çox çəkilir. Biz bu yanaşma ilə razıyıq, amma onu nəticəyə köklənib başlıca səbəbi nəzərə almadığından natamam hesab edirik. Belə ənənəvi yanaşmada bütün bu sadalananları intihar üçün aktivləşdirən başlıca səbəb sərf-nəzər olunur. Axı tarixən bu problemlər olmuşdur, amma bugün olduğu qədər gəncləri intihara sürükləməmişdir. Deməli, başlıca səbəbi, xəstəliyin ocağını müəyyənləşdirmək lazımdır; əks halda, problemi köklü surətdə həll edə bilməyəcəyik.

İntihar o halda baş verir ki, yaşamaq mənasız hala gəlir, dünya və dünyadakılar intihar etmək fikrinə düşmüş subyektin nəzərində dəyərini itirir. İnsanda mövcud olan ən ali istək – yaşamaq istəyi dəyərini itirdikdə biz intiharı seçirik. Unutmayaq: yaşamaq, özü də azad iradənin meydana çıxardığı pozitiv abı-havanı “ciyərlər”ə çəkərək yaşamaq insanda mövcud olan ən ali instinktdir, hətta deyərdik ki, şüurla instinktin – intellektlə biologiyanın mükəmməl xəlitəsinin yaratdığı, adətkərdəlikdən uzaqlaşaraq yanaşdıqda mahiyyəti izah edilməz istəkdir. Həyat – maraqlı və mənalı fərdi təcrübədir, insana yaşamaq, həyatda olmaq qədər heç nə həzz vermir, bəlkə də, “Uca Rəbb insanı nə üçün yaratmışdır?” sualına ənənəvi cavablarla yanaşı, veriləcək ən yaxşı cavabdır...

İntihar isə belə ali istəyin antipodu kimi atılan addımdır. Ölmək qərarına gəlmək, bir tərəfdən, çox qarmaqarışıq və mürəkkəb seçim, digər tərəfdən isə ən ali hissin mənasızlaşmasının fonunda atılan ani addımdır.

Deməli, həyat insanın nəzərində adiləşəndə, mənasızlaşanda stress, depressiya, maddi problemlər, sevgi xəyanətləri, ailədaxili konfliktlər intiharı asan və biryolluq həll variantı halına gətirir.

İndi isə gələk əsas məsələyə: həyatı nə mənasızlaşdırır, nə qədir-qiymətdən salır, nə ucuzlaşdırır?

Yaşamaq özlüyündə instinktiv xüsusiyyətə malik olsa da, onu mənalı edən dəyərlər vardır. Həyatın məhək daşları dəyərlərdir! Məhz bu dəyərlər yaşamaq instinktinə alilik bəxş edir, ona məna qazandırır. Bu dəyərlər mənəviyyatla əlaqəlidir, onun maddiyyata – biologiyaya aidliyi yoxdur. Üstəlik, bu dəyərlər bəşəriyyətin mövcud olduğu çox minillik zaman kəsiyində özünü doğrultmuş, əsrlərin sınağı və təcrübəsindən çıxmış dəyərlərdir. Sevgi, ailə, ata-ana, valideyn-övlad, böyük-kiçik münasibətləri, namus, şərəf, dürüstlük, fədakarlıq, altruizm, dostluq, qonşuluq, nikah... – bütün bunlar həssas, həm də mənalı həyatı təmin edən dəyərlərdir. Həyat dəyərlərlə, deməli, qaydalarla yaşandıqda sistematik hala gəlir, sistem isə dəqiqlik deməkdir, nizam-intizam deməkdir, düzdür, nəfsə xoş gəlmir, amma uzun vədədə insana yaşam stabilliyi, rahatlıq bəxş edir.

Amma bu gün prinsip və dəyərlərlə yaşamaq problemə çevrilib; çünki həyata məna qatan dəyərləri ucuz və bayağı nöqteyi-nəzərlərlə əvəz edirlər; o nöqteyi-nəzərlər ki, uğrunda ölməyəcək qədər adi və ikinci dərəcəlidir; o nöqteyi-nəzərlər ki, həyata məna qata, özü də davamlı surətdə məna qata bilmir; o nöqteyi-nəzərlər ki, narkotik maddələrdə olduğu kimi insana biranlıq rahatlıq bəxş edir, amma nəticə etibarı ilə ona iztirab gətirir, o nöqteyi-nəzərlər ki özlüyündə həyatiliyə malik deyildir...

Bəli, dəyərlərə yaşamaq çətindir, nəfsə xoş gəlmir, amma nəticə etibarı ilə bizi xoşbəxt edir. Dəyərlərdən imtina – sərbəst yaşayış, nihilist həyat tərzi nəfsə xoşdur, bizə bir anlıq rahatlıq gətirir, amma nəticə etibarı ilə bizi xoşbəxt edə bilmir. Ağıllı insan nəyi seçməlidir: iztirabla başa çatan bir anlıq ləzzəti, yoxsa uzunvədəli xoşbəxtliyi? Hər halda, canlıların homo-sapiens növü davamlı xoşbəxtlik bəxş edən yolla getməyə üstünlük verəcəkdir.

Bəli, ifrat sərbəstliyə söykənən, dəyərlərlə hesablaşmayan, komplekssiz həyata “xeyir-dua” verən, insanı fərdiyyətçilik bəhanəsi ilə yalnızlaşdıran nöqteyi-nəzərlər, ideyalar, həyat tərzi özlüyündə təhlükəlidir; son nəticə etibarı ilə insanı xoşbəxt etmədiyi üçün təhlükəlidir; bizə verilən birdəfəlik dünya həyatına urvatsız formada son qoya bildiyi üçün təhlükəlidir; sosial münasibətlərə məna kəsb etdirən dəyərlərə (nikah, ailə institutu, bakirəliyin qorunması, namusun istiqamətvericiliyi, böyük-kiçik münasibətləri, fədakarlıq, altruizm...) savaş açdığı üçün təhlükəlidir; ailələri dağıtdığı, tərbiyənin formatını dəyişdirdiyi üçün təhlükəlidir; xüsusən gənc nəsil üçün zəruri hesab olunan məsuliyyət və həya hissini öldürdüyü üçün təhlükəlidir; övladı valideynə, qadını kişiyə qarşı qoyduğu üçün təhlükəlidir; qadını, uşaqları ailədən uzaqlaşdırdığı üçün təhlükəlidir; valideynlərin nəzərində tərbiyə işini, xüsusən uşaqlarla birlikdə vaxt keçirməni bivec hala gətirdiyi üçün təhlükəlidir...

Feminizm, satanizm, şəhvani inqilab, ibnəlik, lezbiyanlıq, maddiyatmərkəzli biznes... – bütün bunlar təhlükəlidir...

Fikir verirsinizmi: bütün bu istiqamətlər ən çox ailə institutuna zərər vurur; ailə yıxılarsa, sağlam nəsillərin tərbiyəsi işi axsayacaq və dayanacaqdır; tərbiyə işinin ən ideal müəssisəsi ailədir, ən yaxşı tərbiyə subyektləri – icraçıları isə valideynlərdir.
Feminizm qadını kişiyə düşmən edən, cinslərarası təbii fərqləri ziddiyyət hesab edən ideoloji istiqamətə çevrildikdə, yəni radikallaşdıqda çox təhlükəlidir. Feminizm, həm də cəmiyyət və ailədaxili sistemə, rol və vəzifə iyerarxiyasına qarşı çıxan anarxist istiqamət olduğu üçün təhlükəlidir. Feministlər sistemin əhəmiyyətini düzgün başa düşmədikləri üçün ən ali sistemə - ailəyə qarşıdırlar, sistemin zəruri etdiyi vəzifə bölgüsünü ziddiyyət, yaxud ayrı-seçkilik kimi təqdim edirlər.

Seksual inqilab, ibnəlik (homoseksuallıq) lezbiyanlıq kimi sapqın istiqamətlərin zərərindən danışmağa isə ehtiyac yoxdur...
Nəhayət, maddiyyatmərkəzli fəaliyyət həyatın əsas qayəsi halına gəldikdə, qarşıya pul üçün yoldaşlı1 edən utilitar insanlar, karyerası naminə ailə qurmayan, qursa da, övladını karyerasına qurban verən valideynlər çıxır... İntiharın katalizatoru rolunu oynayan tənhalıq və tənhalaşmanın başlıca səbəblərindən biri budur! Ana, ata karyera haqqında düşünərsə, uşaqlar tənhalaşır! Uşaq ailədə lazımi diqqəti görməzsə, ya özünə qapanır, qapalı psixika ilə böyüyür, ya da diqqətə olan ehtiyacını başqaları ilə ödəməyə çalışır, bununla da, ata və ana, ailə onun üçün sığınacaq rolunu oynamaqdan çıxır... Bu gün intihar edən, yaxud buna cəhd edən gənclərin müəyyən hissəsini valideyn diqqəti sarıdan bəxti gətirməmiş fərdlər təşkil edir. Odur ki valideynlər uşaq tərbiyəsini yad əllərə həvalə etməməli, övladları ilə doya-doya vaxt keçirməlidirlər...

Nəhayət, inanca və inancın praktik və səmərəli tətbiqinə - dinə gəlincə, inanc və din qədər həyata məna qatan, həyatı mənalı edən, dəyərləri aşınmadan qoruyub saxlayan ikinci bir şey yoxdur. Dinin əhəmiyyəti onun həyata məna qatmaq və insan oğluna təsəlli vermək gücündə bütün aydınlığı ilə əks olunmuşdur. Bu səbəbdən quru inancla kifayətlənməyib onun əyani təzahürünü – dini həyat düsturu seçənlər problemlərdən çıxış yolu kimi intihara müraciət etmirlər. “Din bu gün dəyərlərin vəfalı və yeganə keşikçisidir” – desək, bəlkə də, yanılmarıq...
Məsələn, biz tarixdə intihar edən heç bir din adamına (filosof, mütəfəkkir, yazıçı...) rast gəlmirik, amma tarixin səhifələri intihar edən ateist, liberal, feminist, deist, sayentist ziyalılarla doludur...

Xülasə, gənclər arasında intihar hallarının artmasının səbəbini ailədə axtarın, ailədaxili problemlər və bütövlükdə ailə probleminin səbəbini mənəvi dəyərlərin aşınması və bununla paralel surətdə baş verən həyata baxış tərzinin “ucuzlaşmasında” axtarın, bundan sonra isə ailə son sığınacaq rolunu oynaya bilmədiyi vaxt uşaqları “oğurlayan” destruktiv və pozğun fikirlərə, cərəyan və istiqamətlərə köklənin...
Çıxış yolu: inanc, mənəvi dəyərlər, həyata düzgün baxış, sağlam ailə, düzgün tərbiyə işi və bütün bunlara bizə təşviq edən ali məqsəd – Allahın sevdiyi bəşərə çevrilmək!

Elvüsal Məmmədov-fəlsəfə üzrə fəlsəfə doktoru
Xəbəri paylaş