Newscenter.az.26.02.2021. “26 fevral, 1992-ci ildə Xocalıda ermənilərin həyata keçirdiyi soyqırım Azərbaycan torpaqlarının işgal planının bir parçası idi. Bu gün artıq o işgal Azərbaycanın qəhrəman ordusu tərəfindən sona çatdırılıb. Hazırda həmin ərazilərdə Xocalıya ədalət var”.
Newscenter.az xəbər verir ki, bu fikirlər Türkmən Doktorlar Biriliyinin rəhbəri Muxtar Bəydilinin Azərbaycan Prezidentinə ünvanladığı müraciətdə əksini tapıb. Muxtar Bəydili əmin olduğunu bildirib ki, bir gün həmin soyqırımı həyata keçirənlərə də sıra gələcək:
“O qatillər beynəlxalq məhkəmədə cavab verəcəklər. Xocalıda həyata keçirilən soyqırımı unutmadıq, unutmayacağıq”.
Muxtar Bəydili Azərbaycan Prezidentinə müraciətində daha sonra qeyd edib:
“Siz dünyanın ən savadlı, ən vətənpərvər və uzaqgörən dövlət başçısısınız. Mən bütün Türkmənlər adına Hələbdən İmadəddin Nəsiminin nəslindən olaraq Xocalıda şəhid edilən soydaşlarımıza Allahdan rəhmət diləyirəm”.