Newscenter.az.26.02.2021. "Bu ilin sonuna qədər daha 3000 şəhid ailəsi ev və mənzillərlə təmin ediləcək. Biz buna bir növ öyrəncəliyik. Bunun təcrübəsi bizdə var. Hər il 3-4 min ev və mənzil inşa edə bilirik".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.
Dövlət başçısı bildirib ki, Ağdam şəhəri 2-3 il ərzində tam bərpa oluna bilər:
"Ancaq təbii ki, bundan əvvəl ərazi minalardan təmizlənməli və infrastruktur layihələri həyata keçirilməlidir. Bütün şəhərlərin enerji şəbəkəsi yaradılacaq və artıq büdcə, proqramı təsdiq edilib. Bu ilin sonuna qədər elektrik enerjisi təminatı başa çatdırılacaq. Biz tək evləri tikməli deyilik. Xəstəxana, məktəb, bağça tikilməli və yeni iş yerləri açılmalıdır. Bütün bu işlər böyük qayıdış proqramının tərkib hissəsidir. Bu işlər tək Ağdama yox, digər şəhərlərə də aiddir. Qarşıda böyük işlər var və biz bütün bunları daxili resurslarımız hesabına edəcəyik və artıq başlamışıq".