Newscenter.az.27.02.2021. Müharibə vəziyyətində olan və ya müharibədən yenicə çıxmış hər bir ölkədə şəhid ailələrinə və qazilərə qarşı dövlət tərəfindən maksimum diqqət və qayğı göstərilməsi hökumət üçün prioritet təşkil edilməlidir. Bu bir aksiomadır və bu barədə heç mübahisə etməyə belə ehtiyac yoxdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 fevral tarixində Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimindəki çıxışı zamanı səsləndirdiyi fikirlər bir daha bu həqiqəti, bu aksiomanı əyani şəkildə təsdiq etdi.
Mən Prezidentimizin çıxışında bir məqama xüsusilə diqqət yetirilməsini istərdim. İlham Əliyev Birinci və İkinci Qarabağ müharibəsi arasındakı dövrdə dövlət və xalq olaraq torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində hazırlıq işləri apararkən, eyni zamanda Vətəni hər şeydən çox sevən gənc nəslin yetişdiyini vurğuladı, vətənpərvərlik amilinə toxundu. Dövlətimizin başçısı qeyd etdi ki, “bir çox illər ərzində ardıcıl siyasət aparılıb, həm beynəlxalq müstəvidə, həm iqtisadi sahədə, həm qonşu ölkələrlə münasibətlərdə, regional layihələrin icrasında və əlbəttə ki, ordu quruculuğunun təkmilləşdirilməsi üçün böyük işlər görülüb. Eyni zamanda, gənc, vətənpərvər, Vətəni hər şeydən çox sevən nəsil yetişdi. Bax, bu nəsil torpaqlarımızı azad etdi. Bütün Azərbaycan xalqı, Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri bir yumruq kimi birləşərək düşməni məğlub edib və torpaqlarımızı işğaldan azad ediblər. Bu, tarixi hadisədir. Azərbaycan tarixində buna oxşar parlaq qələbə olmamışdır”. Prezidentimizin gənc nəslin vətənpərvərliyinə bu qədər yüksək qiymət verməsi gerçəkdən də qürurvericidir.
Ölkə rəhbəri bildirdi ki, belə bir parlaq qələbəyə imza atan şəhidlərimizin ailələrinə, qazilərimizə daim həssaslıqla yanaşılır, onların problemlərinin həll olunması diqqət mərkəzində saxlanılır. Cənab Prezidentin vurğuladığı kimi, müharibədən cəmi üç ay yarım keçməsinə baxmayaraq, şəhid ailələri və müharibə əlilləri üçün yüksək səviyyədə yaşayış kompleksi, şəhərcik inşa olunaraq, təqdim edilməsi bunun bariz ifadəsidir. Bu baxımdan, Şağan qəsəbəsində reabilitasiya mərkəzinin əsaslı təmirdən sonra istifadəyə verilməsi də böyük əhəmiyyət daşıyır. Belə ki, həmin mərkəzdə hər il minlərlə qazi müalicə olunacaq, reabilitasiyadan keçəcək, öz sağlamlıqlarını bərpa edəcəklər. Eyni zamanda, müharibədə əlini, qolunu itirmiş qazilərimiz üçün ən müasir protezlər də məhz burada sifariş olunacaq. Vətən müharibəsində ayaqlarını itirmiş qazilərimizin artıq bir neçəsi burada təqdim edilən dünyanın aparıcı şirkətlərinin istehsalı olan ən müasir protezlərlə təmin olunub. Onlar artıq normal həyata qayıda biliblər. Bu da sevindirici haldır. Yaralı qazilərimizin hər birinin sağalması, reabilitasiyadan müvəffəqiyyətlə keçməsi, normal həyata dönməsi hamımızın arzumuzdur.
Ümumiyyətlə, əlaqədar dövlət qurumları şəhid ailələri və müharibə əlillərinin qarşılaşdıqları problemlərin həlli istiqamətində daim fəallıq göstərməli, bu kateqoriyadan olan insanlar dövlətin daim öz üzərlərində qayğısını hiss etməlidirlər. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələri və müharibə əlillərinə qarşı diqqətinə, qayğısına, narahatlığına söz ola bilməz. Mənim həmsöhbət olduğum şəhid ailələri, qazilər, müharibə əlilləri həmişə cənab Prezidentdən və Mehriban xanımdan razılıq edirlər. Məhz onların müvafiq göstərişlərinə əsasən dövlət qurumları şəhid ailələri və müharibə əlillərinin problemləri ilə yaxından maraqlanır və bu problemlərin həlli üçün gərəkən tədbirləri həyata keçirirlər. Bunun nəticəsidir ki, son 17 il ərzində müharibə əlillərinə 7200-ə yaxın minik avtomaşını verilib, 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib. 2020-ci ildə 1572 mənzil verilib. Bu il isə 3 minə yaxın mənzilin verilməsi nəzərdə tutulub. İstər Birinci, istərsə də İkinci Qarabağ müharibəsində şəhid olmuş hərbçilərimizin ailələrinə Bakıda, Sumqayıtda, Abşeronda bu ilin sonuna qədər mənzillərin verilməsi davam etdiriləcək. Eləcə də digər şəhər və rayonlarımızda da şəhid ailələri üçün binaların tikintisi davam etdirilir.
Dövlətimizin bu insanlara müharibədən sonra da diqqət və qayğı göstərməsi, onlara sahib çıxması təkcə sosial siyasət deyil. Bu həm də mənəvi məsələdir. Cənab Prezidentimiz də sözügedən görüşdə məhz bu məqama xüsusi həssaslıqla toxundu və qeyd etdi ki, “bu siyasət mənəvi normalara əsaslanır və Vətən uğrunda canından keçmiş insanların yaxınları dövlət tərəfindən bundan sonra da qayğı ilə, diqqətlə əhatə olunacaqlar. Son illər müavinətlərin, pensiyaların məbləğinin artırılması göz qabağındadır. Azərbaycan dövləti bu siyasəti bundan sonra da davam etdirəcək”. Dövlətin, dövlət başçısının Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların və şəhid ailələrinin yanında olması, onlara qayğı göstərməsi təqdirəlayiq haldır. Biz MHP olaraq cənab Prezidentin bu siyasətini birmənalı olaraq dəstəkləyirik və hesab edirik ki, əlaqədar qurumların rəhbərləri, yerlərdəki məmurlar, xüsusən də icra başçıları da Prezidentimizdən nümunə götürməli, şəhid ailələri və müharibə əlillərinin problemlərinin vaxtında aradan qaldırılması üçün səy göstərməlidirlər. Əslində bu hər birimizin vicdan borcumuzdur. Bu həm də 44 günlük müharibə zamanı formalaşmış cəmiyyətdəki ruh yüksəkliyini, milli həmrəyliyi qoruyub saxlamaq baxımından da olduqca əhəmiyyətli məsələdir.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri