Newscenter.az.1.03.2021. Prezident İlham Əliyev 35-dən çox xarici media nümayəndəsinin iştirak etdiyi mətbuat konfransında bir çox önəmli mesajlar verdi. Milyonlarla izləyicisi, auditoriyası olan mətbuat qurumlarının nümayəndələrinin suallarına ətraflı cavab verən Prezident İlham Əliyevin nə qədər uzaqgörən, müdrik bir siyasi xadim olduğunu hər kəs bir daha gördü. Cənab Prezident İlham Əliyevin sualları yüksək diplomatik məharətlə, müxtəlif dillərdə səlis, tam əsaslandırılmış şəkildə cavablandırmaqla xarici media nümayəndələrində, sözün həqiqi mənasında, heyrət doğururdu. Elə Böyük Britaniyadan olan müstəqil jurnalistin “mətbuat konfransının uzunluğuna görə Siz artıq dünya rekorduna imza atmısınız. Mən 25 ildir jurnalistika ilə məşğul oluram, ancaq hər hansı bir Prezidentin 4 dildə bu cür mətbuat konfransı aparmasının şahidi olmamışdım” deməsi deyilənləri bir daha təsdiq edir.
Dörd saat ərzində 50-yə yaxın sualı cavablandıran Prezident İlham Əliyevin keçirdiyi mətbuat konfransı Azərbaycan həqiqətlərinin bir daha dünyaya çatdırılması, regionda yaranmış yeni reallıqlara və bölgənin gələcəyi ilə bağlı məqamlara aydınlıq gətirilməsi baxımdan çox uğurlu oldu. Bu cavablarda Azərbaycan həqiqətləri ilə yanaşı, dünya ictimaiyyətinə olduqca mühüm mesajlar da çatdırıldı. Azərbaycanın birmənalı mövqeyi yenidən ortaya qoyuldu, dövlətimizin və regionun gələcəyi ilə bağlı konkret istiqamətlər göstərildi. Bu mətbuat konfransı informasiya cəbhəsində Azərbaycanın mövqeyini daha da gücləndirdi və bir daha dünyanın diqqətini ölkəmizə cəlb etdi.
Mətbuat konfransı işğaldan azad edilmiş ərazilərimizdə ermənilərin törətdikləri vəhşiliklərin xarici media vasitəsilə dünya ictimaiyyətinə çatdırılması baxımından da çox önəmli idi. Prezident İlham Əliyev Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında ermənilərin törətdikləri dağıntılar barədə də ətraflı məlumat verib, erməni vandalizminin iç üzünü bir daha dünyaya nümayiş etdirib. Cənab Prezident İlham Əliyev azad edilmiş ərazilərdə görülən bərpa-quruculuq işləri barədə də ətraflı məlumat verib. Eyni zamanda, dövlətimizin başçısı Azərbaycanın regionda yaratdığı yeni reallıqdan danışıb və dünya mediasının da əsas diqqətini bu reallığa yönəldib. Artıq dünya ictimaiyyəti şahiddir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin möhkəm iradəsi, qətiyyəti, müdrikliyi sayəsində Azərbaycan məhz öz gücü, iradəsi hesabına erməni işğalına son qoyub, torpaqlarını qaytarıb, öz ərazi bütövlüyünü bərpa edib. Bütün bunlar da Azərbaycana, Prezident İlham Əliyevə olan hörməti daha da artırıb.
Sədaqət Vəliyeva-Milli Məclisin deputatı