Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Ağalar Vəliyev: Prezidentin mətbuat konfransı beynəlxalq informasiya məkanında böyük rezonans doğurdu.



Newscenter.az.2.03.2021. “Azərbaycan Prezidenti İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı dünyanın aparıcı kütləvi informasiya vasitələrində geniş təhlil olunmaqdadır. Mətbuat konfransının məhz Xocalı faciəsinin Anım günündə keçirilməsi xüsusi məna daşıyırdı. Dövlətimizin başçısı dünya ictimaiyyətinin diqqətini bir daha soyqırım faktına yönəltməklə bildirdi ki, Xocalı faciəsi Ermənistan tərəfindən Azərbaycan əhalisinə qarşı törədilmiş qanlı cinayətdir, soyqırımdır. Prezident bölgədə formalaşan yeni reallıqlar baxımından kifayət qədər uğurlu keçən mətbuat konfransında jurnalistlərin bütün suallarına dəqiq və tutarlı arqumentlərlə cavab verərək nüfuzlu xarici media orqanlarının diqqətini daha çox Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinə yönəldib”.

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ağalar Vəliyev söyləyib. O bildirib ki, Vətən müharibəsinin başladığı ilk günlərdən Türkiyə dövləti sülhə və sabitliyə hesablanmış davranış nümayiş etdirərərək haqq işində Azərbaycana çox böyük siyasi və mənəvi dəstək göstərib:

“Dövlətimizin başçısı mətbuat konfransında türkiyəli jurnalistin suallarını cavablandıraraq bildirib ki, Türkiyə bu gün dünya miqyasında güc mərkəzi kimi, bütün bölgələrdə, o cümlədən bölgəmizdə olduqca müsbət rol oynayır və bu, bölgənin sabitliyi üçün çox önəmlidir.Türkiyə Müdafiə Nazirliyindən 100-dən çox mütəxəssis Azərbaycana ezam edilməsi, eləcə də Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması da əhəmiyyətli addım sayılmalıdır”.

Türkiyə ilə Azərbaycanın maddi-texniki əməkdaşlığının daha da güclənməsindən söz açan Ağalar Vəliyev onu da diqqətə çatdırıb ki, qardaş ölkədən xeyli sayda mina təmizləmə texnikasının alınıb gətirilməsi minaların qısa zamanda zərərsizləşdirilməsini və dinc quruculuq mərhələsinin başlanmasını təmin edəcək:

“10 noyabr tarixli Bəyanatın bir bəndi Ermənistan ərazisində Azərbaycanı onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirən, həmçinin Azərbaycanı Türkiyə ilə və eyni zamanda, Rusiyanı Türkiyə ilə birləşdirən nəqliyyat dəhlizinin açılması barədə olub. Regionun gələcək inkişafı və inteqrasiya layihələrinin icrası üçün unikal kommunikasiya imkanları yaradan bu dəhlizin işə düşməsi ilə Avrasiyanın yeni bir nəqliyyat damarı açılacaq. Regional əməkdaşlıq layihələrinə qoşulmaqla bağlı müsbət yanaşma nümayiş etdirərsə, o zaman Ermənistan da regional proseslərin iştirakçısına çevrilə bilər. Bu gün Ermənistan bütün resurs imkanlarından məhrum olmuş və küncə sıxılmış vəziyyətdədir. Bu dövlətin özünü bərpa etməsi yolu Azərbaycan və Türkiyə ilə qarşılıqlı əməkdaşlıqdan keçir”.

Deputatın sözlərinə görə, Qarabağın bərpa-yenidənqurma işlərində Türk şirkətləri yaxından iştirak edəcəklər. Bununla bağlı mətbuat konfransında geniş söz açan Prezident bildirib ki, Azərbaycan üçün strateji önəm daşıyan Füzuli-Şuşa avtomobil yolunun inşası ilə bağlı türk şirkətləri artıq fəaliyyətə başlayıblar:

“Eyni zamanda, Göygöl bölgəsindən Kəlbəcərə uzanan yolun çəkilişinə də türk şirkətləri cəlb ediliblər. Türkiyə şirkətləri indiyəcən Azərbaycanda təqribən 10 milyard dollardan çox dəyəri olan müxtəlif inşaat layihələrində iştirak ediblər”.

Ağalar Vəliyev qeyd edib ki, Azərbaycan-Türkiyə arasında hərbi əməkdaşlıq daha da genişlənəcək:

“İndi bütün dünya müharibə dövründə Türkiyə müdafiə sənayesinin keyfiyyətindən və Türkiyə istehsalı olan müdafiə sistemlərindən Azərbaycanda məharətlə istifadə edilməsindən danışır. Təsadüfi deyil ki, bu da Azərbaycanın Vətən müharibəsində böyük üstünlüyünü təmin edib. Bu gün Azərbaycan Türk Ordusunun kiçik modelini yaratmaq əzmindədir və bunun üçün 10 dəfədən çox ortaq hərbi təlimlərin keçirilməsi təmin olunub”.

Milli Məclisin üzvü onu da söyləyib ki, hər zaman Azərbaycanın yanında olan Türkiyə Ermənistanla sərhədlərini 1993-cü ildə Kəlbəcərin işğalından sonra bağlamaqla qardaşlıq nümunəsi göstərdi və bu mətbuat konfransında xüsusi qeyd olunub:

“Ermənistan-Azərbaycan sərhədi açılırsa, Türkiyə-Ermənistan sərhədinin bağlı qalmasına da təbii ki, ehtiyac qalmayacaq və bunu Türkiyə özü müəyyən edəcək. Zəngəzur dəhlizinin işə düşməsi reallaşdırılarsa, bu təqdirdə Türkiyə-Ermənistan sərhədi də açılacaq. Türkiyə dövlətinə göstərdiyi bütün dəstəyə görə bir daha təşəkkürünü bildirən Prezident İlham Əliyevin bəyan etdiyi kimi, regionun davamlı sabitliyi üçün bütün ölkələr arasında münasibətlərin normallaşdırılması və qarşılıqlı əməkdaşlığın qurulması zəruridir”.

Mehman
Xəbəri paylaş