Newscenter.az.2.03.2021. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) yerli KİV nümayəndələri üçün "Formula 1" üzrə Azərbaycan Qran-prisinin akkreditasiya qaydaları haqqında seminar keçirib.
"Report" xəbər verir ki, Hilton otelində gerçəkləşən seminarda iştirakçılara bu ilin yayında Bakıda 5-ci dəfə təşkil ediləcək "Formula 1" yarışının akkreditasiya prosesi haqqında ətraflı məlumat verilib.
Bildirilib ki, yerli media nümayəndələri üçün nəzərdə tutulan akkreditasiya prosesi 2 - 20 martda onlayn qaydada, BŞH-nın rəsmi internet saytı vasitəsi ilə həyata keçiriləcək.
BŞH-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilən Ayan Nəcəf-Ağayeva Azərbaycan Qran-prisinin bu il 4 - 6 iyunda olacağını xatırladıb. O, hazırda Formula 1 şirkəti, Beynəlxalq Avtomobil Federasiyası və Azərbaycan hökumətinin tövsiyələri nəzərə alınaraq, çalışdıqlarını söyləyib: "Pandemiya səbəbindən TV-lərə çəkiliş üçün icazə verilməyəcək. Mətbuat konfransları ayrı-ayrı otaqlardan olacaq. Podium mərasiminin ləğvi də düşünülür".
BŞH rəsmisi bu il komandaların büdcələrinə ciddi məhdudiyyətlər qoyulduğunu da diqqətə çatdırıb. "Komandaların mövsüm ərzində maksimum 145 milyon dollar xərcləməsi qərara alınıb. Bu məbləğ 21 qran-pri üçün nəzərdə tutulub. qran-pri sayı azaldılarsa, məbləğ də azalacaq. Məhdudiyyət 2025-ci ilədək qalacaq".
Eyni zamanda seminarda texniki reqlament, idman reqlamenti, yarış həftəsonu strukturu, "Formula 1" təqvimi barədə məlumat verilib. Yarış həftəsonunun 4 gündən 3 günə endirildiyi, çempionatın Avstraliyada deyil, Bəhreyndə start götürəcəyi xatırladılıb. Marşal və könüllülərin sayında rekord sayda artım qeydə alınıb.
Qeyd edək ki, Azərbaycan Qran-prisi daxil olmaqla bütövlükdə 2021-ci il "Formula 1" üzrə dünya çempionatında yer alan hər yarış üçün media nümayəndələrinin akkreditasiyası Beynəlxalq Avtomobil Federasiyası (FIA) və Formula One Management (FOM) şirkəti tərəfindən kurasiya olunur. Qeydiyyatdan keçmək istəyən jurnalistlər BŞH-nin rəsmi saytına daxil olaraq müvafiq formanı doldurmalı və tələb olunan sənədləri sistemə yüklədikdən sonra onlayn qaydada müraciət etməlidir. Natamam və ya vaxtından gec göndərilmiş müraciət formaları nəzərə alınmayacaq.
Xatırladaq ki, Azərbaycan Qran-prisi 4 - 6 iyunda gerçəkləşməlidir.