Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın informasiya cəbhəsində mövqeyi daha da möhkəmləndi



Newscenter.az.4.03.2021. Azərbaycan 44 günlük müharibədə parlaq qələbə qazanaraq öz ərazi bütövlüyünü bərpa etdi. Bu hərbi-siyasi zəfərin ardından qarşıda duran vəzifələrin yerinə yetirilməsi istiqamətində məqsədyönlü fəaliyyət davam etdirilir. Bu istiqamətlərdən birini, heç şübhəsiz, informasiya müharibəsi təşkil edir. Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, erməni yalanlarının ifşası, həmçinin ölkəmizə qarşı aparılan qarayaxma kampaniyalarının iflasa uğradılması kimi məsələlər bu mübarizənin tərkib hissəsidir. Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı isə bu baxımdan müstəsna əhəmiyyət daşıyır. Bu, ən əsası, Azərbaycanın informasiya cəbhəsində mövqeyini daha da gücləndirməsi üçün olduqca önəmlidir.

Dövlət başçısı bütün aktual məsələlərə tam aydınlıq gətirdi

Prezident İlham Əliyev bu vaxta qədər müxtəlif beynəlxalq toplantılarda yüksək diplomatik məharət nümayiş etdirib, reallıqları dünya ictimaiyyətinin diqqətinə çatdırıb və Azərbaycanın ədalətli mövqeyinin möhkəmlənməsini təmin edib. 44 günlük müharibə zamanı dövlət başçısının 30-da çox müsahibə verərək fikirlərini qətiyyətlə ifadə etməsi həm də qərəzli, ermənipərəst dairələrin çirkin kampaniyasını zərərsizləşdirdi. Prezident İlham Əliyevin sözügedən mətbuat konfransında da həm yerli, həm də beynəlxalq ictimaiyyət üçün maraq doğuran, aktual olan bütün məsələlərə tam aydınlıq gətirməsi böyük önəm daşıyır. Ölkə rəhbəri bir daha dünyanın nüfuzlu media orqanlarının diqqətini Ermənistanın Azərbaycan xalqına qarşı soyqırımı siyasətinə yönəltdi, dövlətimizin qətiyyətli mövqeyini ifadə etdi. Müzəffər Ali Baş Komandanımızın fikirləri, həmçinin həqiqətləri təhrif etməyə çalışanların, ictimai rəyi yanıltmaq istəyənlərin cəhdlərinin üstündən xətt çəkdi.

Azərbaycan inkişafın yeni mərhələsinə qədəm qoyur

Şübhəsiz ki, dörd saatdan çox davam etmiş mətbuat konfransında jurnalistlərin suallarını ətraflı cavablandıran Prezident İlham Əliyev həm bugünkü vəziyyət, həm də gələcəklə bağlı bir sıra önəmli mesajlar verdi. Bir daha məlum oldu ki, Azərbaycanın gələcəyə aydın baxışı var.

Həqiqət budur ki, həm qələbəmizin siyasi cəhətdən möhkəmləndirilməsi, həm işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinin aparılması istiqamətində sistemli fəaliyyət müvəffəqiyyətlə davam etdirilir. Eyni zamanda, Azərbaycanın qələbəsi nəticəsində regionda yaranan yeni şərait ölkəmiz və bölgə üçün yaxşı perspektivlər vəd edir. Bir sözlə, Azərbaycan inkişafın yeni mərhələsinə qədəm qoyur.

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri,

YAP İdarə Heyətinin üzvü
Xəbəri paylaş