Newscenter.az.4.03.2021. Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı “Səmavi dinlərdə ailə və qadın” mövzusunda vebinar keçirilib.
Newscenter.az xəbər verir ki, “ZOOM” proqramı üzərindən təşkil olunan vebinarda Aİİ-nin müəllimləri və tələbələri iştirak ediblər.
Aİİ Tələbə Elmi Cəmiyyətinin sədri, Dillər və ictimai fənlər kafedrasının dosenti Məmmədəli Babaşlı giriş nitqi ilə çıxış edib. İştirakçıları salamladıqdan sonra TEC-in fəaliyyəti barədə məlumat verib.
M.Babaşlı daha sonra mövcud pandemiya dövründə tələbələrin elmi dünyagörüşünün, intellektual səviyyələrinin artırılması, araşdırma aparmaları istiqamətində bu cür vebinarların davamlı olaraq keçiriləcəyini vurğulayıb.
Aİİ Dillər və ictimai fənlər kafedrasının dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov “Səmavi dinlərdə ailə və qadın” mövzusunda olan vebinarın gedişatı haqqında məlumat verib.
Aİİ İlahiyyat fakültəsinin tələbəsi Gülhanə Rüstəmova “İslamda qadın”, Mehrab Dəmirzadə “Həzrət Peyğəmbərin hədislərində qadın”, Sevil Hüseynova “İslam və Yəhudilikdə qadın”, Orxan Abışlı “Qurani-Kərimin qadına baxışı” mövzularında çıxış ediblər.
Tələbələr çıxışlarında İslamda qadınların hüquqlarından, Qurani-Kərimdə qadınlarla bağlı nazil olan ayələrdən, İslamın qadına verdiyi dəyərdən ətraflı danışıblar. Qadınların elm öyrənmələri, təhsil almaları barədə məsələlərə hədislərdən nümunələr gətirərək, günümüzdə onların cəmiyyətdə rolunu yüksək qiymətləndiriblər.
Vebinar iştirakçıların qarşılıqlı müzakirələri ilə davam edib.
Məlumat üçün bildirək ki, TEC-in əsas məqsədi alitəhsilli mütəxəssis hazırlanmasının keyfiyyətinin yüksəldilməsinə yönəldilmiş elmi-təşkilati tədbirlərin həyata keçirilməsidir. Həmçinin elmi-texniki potensialın qorunub-saxlanılması və təhsilalanların elmi tədqiqat fəaliyyətinin yeni sosial-iqtisadi şəraitə uyğunlaşdırılmasında İnstitutun işinə kömək etmək TEC-in vəzifələrindən biridir.
Cəmiyyət tələbələr arasında elmi yaradıcılığın müxtəlif formalarının təbliği, tədqiqatların aparılmasına gənclərin marağının artırılması, onlarda elmi metodların öyrənilməsinə motivasiyanın yaradılması, tədris materiallarının dərindən və mükəmməl mənimsənilməsinə köməklik göstərilməsi kimi məsələləri öhdəsinə götürür.
Mehman