Newscenter.az.5.03.2021. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Partiyamızın böyük ənənələri var. Biz gələn il, partiyamızın 30 illik yubileyini keçirəcəyik. Hesab edirəm ki, partiya yeniləşmiş formatda, o cümlədən rəhbər orqanlarında təmsil olunan namizədləri nəzərə alsaq daha fəal olacaq, ölkə qarşısında duran problemləri daha fəal icra edəcəkdir.
Newscenter.az xəbər verir ki, bu barədə Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın VII qurultayındakı yekun nitqində bildirib.
Dövlətimizin başçısı deyib: “Həyat dəyişir, zəmanə dəyişir. Bir daha demək istəyirəm ki, biz ən müasir təcrübəni Azərbaycanda bütün sahələrdə tətbiq etməliyik, o cümlədən siyasi islahatlar sahəsində. Əminəm ki, partiyanın rəhbər orqanlarında təmsil olunan üzvləri fəal olacaqlar, partiyamızın fəaliyyətində öz rolunu oynayacaqlar, ümumi işimizə öz töhfəsini verəcəklər ki, partiyamız bundan sonra da ölkəmizin aparıcı siyasi qüvvəsi olaraq qalsın. Mən buna şübhə etmirəm. Bizim dost partiyalarımızın bu gün partiyamıza qoşulması da bunu göstərir. Bu da çox önəmli, əlamətdar hadisədir. Bu da siyasi sistemimizin təkmilləşdirilməsi istiqamətində atılan növbəti addımdır və eyni zamanda, göstərir ki, partiyamızın həm məramı, həm proqramı, fəaliyyəti və əldə etdiyi nailiyyətlər dost partiyalar üçün də cəlbedicidir. Əminəm ki, bir neçə partiyanın Yeni Azərbaycan Partiyası ilə birləşməsi partiyamızı gücləndirəcək”.
Prezident qeyd edib ki, birgə fəaliyyətlə bağlı əlavə addımlar da atılacaq. “Bütün bunları nəzərə alaraq hesab edirəm ki, partiyamızın yeni proqramı da hazırlanmalıdır. Bu proqram yeni dövrlə bağlı bütün məsələləri özündə ehtiva etməlidir. İdarə heyətinə tapşırıq verirəm ki, üç ay ərzində partiyamızın yeni proqramı hazırlansın və təqdim edilsin”, - deyə Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev vurğulayıb.