Newscenter.az.6.03.2021. Özünüməşğulluq proqramına qoşulmaq istəyən vətəndaşlar Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyindən də faydalana bilər. Bunun üçün elektron platforma və ərazi məşğulluq mərkəzləri ilə yanaşı, Bakı şəhəri və ölkənin regionlarında fəaliyyət göstərən KOB dostlarına da müraciət oluna bilər.
Newscenter.az-a KOBIA-dan bildirilib ki, 2019-2020-ci illərdə 400-ə yaxın vətəndaş özünüməşğulluq proqramına qoşulmaq üçün KOBİA-nın xidmətlərindən yararlanıb.
“COVID-19” pandemiyası ilə əlaqədar 2020-ci ildə özünüməşğulluq proqramı çərçivəsində təlimlərə cəlb edilmədən vətəndaşlara aktivlərin biznes plan əsasında verilməsi prosesində də KOBİA fəal iştirak edib. Belə ki, 2020-ci ildə Xaçmaz, Quba və Qusar rayonlarından olan 70-dən çox vətəndaşa biznes planların hazırlanmasında Agentlik tərəfindən dəstək göstərilib. Həmçinin, KOBİA proqram çərçivəsində icra olunan “Sosial bağlar” layihəsinə də dəstək göstərir. Ötən il Agentlik tərəfindən Lənkəran, Quba, Qusar, Xaçmaz və Şamaxı rayonlarından olan 40-a yaxın vətəndaşa bağların salınmasında köməklik olunub.
Qeyd edək ki, KOBİA özünüməşğulluq proqramına 2 istiqamətdə dəstək göstərir. Agentlik proqrama qoşulmaq istəyən vətəndaşların məlumatlandırılması, müvafiq sistemdə qeydiyyata alınması və məşğulluq mərkəzləri ilə əlaqələndirilməsinə dəstək olur, namizədlərin təsərrüfatına baxış, proqrama cəlb olunmuş şəxslərin təlimlərində və onlara aktivlərin verilməsində iştirak edir. Növbəti mərhələdə proqram çərçivəsində öz təsərrüfatını qurmuş şəxslərə KOBİA tərəfindən biznesin planlaşdırılması, məsləhət xidmətləri, güzəştli maliyyə resurslarına və satış bazarlarına çıxış və s. istiqamətlərdə ödənişsiz dəstək və xidmətlər təqdim olunur.
Sevinc